“Etibar Pirverdiyev məhz Nəcməddin Sadıkovun qudası olduğu üçün cəzalandırılmır” – Partiya sədrindən şok iddia
“Ölkədəki fəlakətli enerji böhranını arxa plana keçirmək üçün Elmar Vəliyevin vurulmasını qabardırlar”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında “Mingəçevir” İES-də baş vermiş qəzanın ölkədə doğurduğu vəziyyəti dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
BAP sədrinin fikrincə, ölkədə yaranmış enerji böhranı fəlakət həddindədir və bu məsələni gündəmdən çıxarmaq üçün başqa mövzuları önə çəkirlər:
“Hesab edirəm ki, hazırda ölkədə elektrik enerjisi ilə bağlı yaranmış böhranlı vəziyyət Gəncənin icra başçısı Elmar Vəliyevin vurulmasından qat-qat önəmli məsələdir. Doğrudur, Vəliyevin vurulması da sıradan hadisə deyil. Ancaq bu məsələ məqsədli surətdə qabardılır ki, ictimaiyyətin diqqəti məlum qəzadan yayınsın.
Bəlkə də əhalinin böyük hissəsinin xəbəri yoxdur ki, Azərbaycan hazırda öz tələbatını ödəmək üçün enerjini Gürcüstan və Rusiyadan alır. Bunun da səbəbi odur ki, Mingəçevirdə baş vermiş qəza nəticəsində elektrik enerjisi istehsalı dayanıb, yanıb sıradan çıxmış qurğu və avadanlıqların bərpası üçün milyardlarla vəsait və veyli vaxt tələb olunur. Bu, ölkə üçün fəlakət deməkdir. Biz isə oturub Elmar Vəliyevi müzakirə edirik…
Əslində, “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev, eləcə də bu işdə məsuliyyət daşıyan məmurlar azadlıqda olmamalı idilər. Lakin Etibar Pirverdiyev məhz Nəcməddin Sadıkovun qudası olduğu üçün cəzalandırılmır. Görün, necə vəziyyət yaranıb ki, ölkənin enerji sektorunu çökdürmüş şəxs kiminləsə qohum olduğuna görə məsuliyyətdən və cəzadan kənarda qalıb”.
Mənbə:> Yenicag.az