“Hacıbala, səninlə ölənə kimi məzələnəcəm” - Şeyx Əbdül Mahmudbəyov
"Mən Hacıbalanı məhkəməyə verəcəm və onu baş nazirin müavini olmaq da xilas edə bilməyəcək"
Bakı meri Hacıbala Abutalıbov iki gün öncə Prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin olundu. Amma sabiq merin kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovla məhkəmə çəkişməsi hələ ki, icra olunmamış qalır. Şeyx Əbdül Mahmudbəyov bildirir ki, onun evi “Qış parkı”nda aparılan təmir işləri zamanı yararsız hala düşüb.
Moderator.az-ın əməkdaşı tanınmış kinorejissora müraciət edərək keçmiş "dost"unu yeni təyinatı münasibətilə təbrik edib-etmədiyi ilə maraqlanıb. Şeyx Əbdül Mahmudbəyov Moderator.az -a açıqlamasında bildirib ki, Hacıbala Abutalıbovu yenidən məhkəməyə verəcək:
“Ora nazirlik yox, qocalar evidir. Deyirlər ki, o gün Hacıbala oturub ağlayırmış ki, Bakını əlimdən aldılar. Hələ təzə mer təyin olunmayıb. Amma mən Hacıbalanı məhkəməyə verəcəm və onu baş nazirin müavini olmaq da xilas edə bilməyəcək. Çünki üç il iki aydır ki, Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə qətnaməsini nə sayır, nə də icra edir. Bunun üçün mənə cavab verməlidir. Buna görə CM-də üç ildən yeddi ilə kimi adama həbs düşür.
Ş.Ə.Mahmudbəyov bildirib ki, “Qış parkı”ndakı restoran və avtomobil dayanacağı sabiq merin oğluna məxsusdur:
“Mən ona demişəm ki, Hacıbala, səninlə ölənə kimi məzələnəcəm. Burda evimizin yanındakı “Qış parkı”nda üç restoran var. Bu restoranlar Hacıbalanın oğlanlarına məxsusdur. Parkın içindəki altı min yerlik yeraltı avtomobil dayanacağı var. Bu dayanacağa da onun oğlanları nəzarət edir. Hacıbala hər dəfə mənimlə görüşəndə öpüşür və əliylə yuxarını göstərib deyir ki: “Məndə heç bir günah yoxdur”.
Mənbə:> Moderator.az