Hökumətdən yeni göstəriş verildi: hamı velosiped alsın, özü də ağ rəngdə!
Bu il Türkmənistanın hər bir dövlət müəssisəsi kütləvi velosiped yürüşünə 3-dən 6-can nümayəndə göndərməlidir. Onlar özlərinə velosiped də almalıdırlar. Azadlıq Radiosunun Türkmənistan xidməti xəbər verir ki, ölkədə velosiped istehsal olunmadığı üçün qiyməti çox bahadır: 3000-4000 türkmən manatı (80-130 dollar).
Buna görə də bir çox müəssisələrdə qərara gəlinib ki, velosipedləri "atışıb" alsınlar. Yəni bütün işçilər pul toplasın.Dövlət müəssisələrində çalışanların iş yerlərini itirməkdən qorxduqları üçün bu pultoplama əməliyyatında iştirak etdikləri deyilir.
Adının çəkilməsini istəməyən bir Aşqabad sakini Radioya deyib ki, "işçilərə bunun beynəlxalq tədbir olduğu deyilib. Bildirilib ki, onlar belə tədbirlərdə gərək canla-başla iştirak etsinlər".Dövlət müəssisələrinə verilən göstərişə görə, alınan velosipedlər mütləq ağ rəngdə olmalıdır.
Veloyürüşü dövlət təşkil edir. Velosiped gəzintisində həmçinin ölkə rəhbərliyinin iştirak edəcəyi gözlənir. Eləcə də yüksək səviyyəli məmur heyətinin. Adətən Türkmənistanda hər il keçirilən "Sağlamlıq ayı" ölkə rəhbərliyinin iştirakı ilə başlanır.Sağlamlıq ayı ilk dəfə 2015-ci ildə keçirilib.Hökumət bildirir ki, məqsəd idmanı populyarlaşdırmaqdır.Sağlamlıq ayında idarə və müəssisələrdə işdən əvvəl səhər gimnastikası edilir, işçi heyətinin iştirakı ilə müxtəlif idman yarışları təşkil edilir.
İdmanla bağlı göstərişlər birbaşa prezident Qurbanqulu Berdımuhammedovdan gəlir.O, müxtəlif idman növləri ilə məşğul olur, dövlət televiziyası onu gah at sürən yerdə, gah idman avtomobilində, gah da basketbol meydançasında göstərir.
Mənbə:> Virtualaz.org