Bakı İrəvana dərs keçdi
"Yeqişe Gevorkyan ailəsi ilə birlikdə Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluqdan xilas olmaq üçün bir neçə il bundan əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçmişdi. Humanizm prinsiplərindən çıxış edərək Azərbaycan tərəfindən Y.Gevorkyan və onun ailəsinin saxlanması üçün normal şərait yaradılmışdı. Mütəmadi əsasda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də bu ailəyə baş çəkilirdi".
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanda Y.Gevorkyana qarşı cinayət işinin açılmasını şərh edərkən bildirib.
O, qeyd edib ki, kriminal keçmişi olduğuna görə üçüncü dövlətə miqrasiya etmək niyyətində olan Y.Gevorkyan digər dövlətlər tərəfindən qəbul edilmədi. Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə o, 12 dekabr 2014-cü il tarixində Ermənistana təhvil verildi: "Ermənistan isə öz doğma torpağında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürdü, digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə qətlə yetirdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurama məhkəmə təşkil edildi. Beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərə münasibətdə bu cür davranış qəbuledilməzdir".
H.Hacıyev deyib ki, Ermənistanın hərbi diktatura rejimi tərəfindən öz vətəndaşlarına münasibətdə də humanizm və insan hüquqlarından tamamilə kənar davranış nümayiş etdirilir.
XİN rəsmisinin sözlərinə görə, Ermənistana təhvil verildikdən dərhal sonra Y.Gevorkyan və onun ailə üzvləri Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində ictimai ifadələr verməyə vadar edildilər. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmədi.
Onun sözlərinə görə, hələ 15 dekabr 2014-cü il tarixində XİN tərəfindən bu məsələyə münasibət bildirilən zaman əvvəllər Ermənistana təhvil verilmiş bu ölkənin digər vətəndaşları kimi Gevorkyan ailəsinin də işgəncələrə məruz qoyulacağı, uzun müddət zorla Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediləcəyi və həbs ediləcəyi qeyd olunmuşdu: "Ona görə də Ermənistandakı hərbi diktatura rejiminin mahiyyətini nəzərə alaraq, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən Y.Gevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən bir hal idi"
Mənbə:> ANSPRESS