Hakim kobud oyuna görə Lukaşenkonu meydandan kənarlaşdırdı – VİDEO
Belarus prezidenti Aleksandr Lukaşenko XIV Beynəlxalq Milad Hokkey Həvəskarları Turnirinin qrup mərhələsində BƏƏ-yə qarşı keçirilən matçda kobud oyuna görə cərimə skamyasına göndərilib.
Oxu.Az xəbər verir ki, Belarus-BƏƏ qarşılaşması ötən gün “Çijovka-Arena”nın böyük buz meydanında baş tutub.
Oyunun ikinci hissəsində şayba buza atılan zaman Belarus lideri qonaq komandanın hokkeyçisinin üzərinə yıxılıb. Oyunun hakimi Lukaşenko rəqib oyunçunu əlləri ilə saxladığına görə qayda pozuntusunu qeydə alıb.
Bu qərar Lukaşenkonu təəcübləndirib və o qayda pozuntusunun olub-olmadığını hakimlə dəqiqləşdirməyə çalışıb. Hakim isə əli ilə Lukaşenkoya cərimə meydançasını işarə edib. Qərarı təbəssümlə qarşılayan Lukaşenkonun iki dəqiqəlik “cəzanı” çəkmək üçün skamyaya yollanmaqdan başqa əlacı qalmayıb. Ancaq prezident cəzasını tam çəkməyib, belə ki, meydanda azlıqda qalan belaruslar qapılarında şayba görüb və Lukaşenko yenidən buzun üzərinə çıxıb.
Belarus yığması BƏƏ-yə qarşı matçda çətinlik çəkməyib. Hesab 12:7 meydan sahiblərinin xeyrinə başa çatıb. Hələ ikinci hissənin əvvəlində hesab 6:0 olub. Şaybalardan üçünü rəqib komandanın qapısından məhz Belarus prezidenti Aleksandr Lukaşenko keçirib.
Post by aznews.info.
Mənbə:> Oxu.Az