Ermənilər Goranboyu atəşə tutdu: Hədəf yaşayış məntəqələridir
Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı, saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.
Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.
İtki və tələfat yoxdur.
Qeyd edək ki, iyulun 4-də, saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Mənbə:> APA