“...otağa girəndə şalvarına batırdı, icazə alıb, gedib tualetdə təmizlədi” - Çovdarovdan ilginc ifadə
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan proses Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib.
Prosesdə general Akif Çovdarov "8-ci kilometr" bazarı epizodu üzrə ifadə verib.
General bildirib ki, məsələ ilə bağlı onlara şikayət daxil olub: "Məsələnin araşdırılması ilə bağlı rəhbərlik mənə tapşırıq verdi. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Sonra Cəfəri çağırdıq. O mənə dedi ki, bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Heç nə demədim. O ifadə verən zaman Çingiz qonşu otaqda idi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb, gedib tualetdə təmizlədi. Sonra Çingiz hər şeyi onun üzünə dedi. Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin".
Həbsdə olan general məsələ ilə bağlı rəhbərliyə məruz etdiyini qeyd edib: "Rəhbərlikdən dedilər, bu işin altında böyük adamlar çıxır. Dedilər, işi saxla. Çingizə bu barədə məlumat verdim”.
Akif Çovdarovun sözlərinə görə, olayla bağlı rəhbərliyə məruzə edib: "Onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxla. Çingizə dedim ki, məsələ budur. O da nə olur olsun, o bazarı Cəfərgildən alın dedi. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər, halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min manat verdik, Cəfərə də 300 min verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim ki, Cəfərin qardaşına və bacısına da ayda 400 manat versin".
Çovdarov prosesdə onu da qeyd edib ki, Fərhad və Rafiq Əliyev qardaşları ilə Səfərov qardaşlarının əməllərini ifşa etdikləri üçün onlara ən azı təşəkkür və ya medal verilərdi: "Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik".
Prokuror Akif Çovdarova sual vermək istəyəndə general onu qabaqlayıb: "Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsınız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsinizsə, siz edin".
Məhkəmə iyunun 21-də davam edəcək.
Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Mənbə:> Lent.az