Trampın 1,5 milyon dollarlıq yeni zirehli avtomobilinin özəllikləri – FOTO
Dünyanın ən güclü dövlətinin prezidenti Donald Trampın həyatını qıraqdan gələn təhlükələrdən qorumaq üçün yeni avtomobili də ən son texnologiyalarla təchiz olunub.
Oxu.Az xəbər verir ki, Donald Trampı ətrafdan gələn təhlükələrdən onun üçün xüsusi olaraq istehsal olumuş “Bədheybət” adı verilən “Cadillac” avtomobili qoruyacaq.
Qiyməti 1,5 milyon ABŞ dolları olan Trampın “Bədheybət”inin ən nəzərəçarpan özəlliklərini təqdim edirik:
Avtomobilin korpusu 12 sm qalınlığında dəmir, alüminium, titanium və keramika qarışığından hazırlanıb.
Şassi hissəsi isə xüsusi olaraq elə hazırlanıb ki, avtomobilin altında bomba belə partlasa, içəridəki insan heç bir xəsarət almayacaq.
20 sm qalınlığında zirehlə möhkəmləndirilmiş qapılar “Boeing 757” qapısı ağırlığındadır. Qapılar bağlandığı zaman hər hansı bir kimyəvi hücuma qarşı 100 faiz hermetiklik təmin edir. Buna görə də içəriyə süni yolla oksigen verilir.
5 təbəqəli şüşə və polikarbonatla möhkəmləndirilmiş pəncərələr avtomatik silahların güllələrini belə saxlamağa qadirdir. Avtomobildə yeganə açılan pəncərə sürücü pəncərəsidir. O da ancaq Trampın özü tərəfindən açıla bilər.
Avtomobilin təkərləri 2 təbəqəli olaraq hazırlanıb. Yuxarı təbəqə zirehli jilet istehsalında istifadə olunan kevlar maddəsi ilə zənginləşdirilib, bu da hər hansı bir güllənin içəri keçməsinin qarşısını alır. Əgər təkərlərin birinci təbəqəsi zədələnərsə, dəmirdən hazırlanmış 2-ci təbəqə avtomobilin hadisə yerindən uzaqlaşmağını təmin edir.
Avtomobilin benzin çəni də xüsusi zirehlə müdafiə olunur. Əgər hər hansı bir formada hücumçular benzin çəninə atəş açmağa nail olsalar belə, çənin içinə doldurulmuş xüsusi maddə partlayışın qarşısını alır. Benzin çəni hər hansısa formada alovlansa, yanğın avtomobilin salonuna heç bir formada keçməyəcək.
Baqaj hissəsində isə yanğınsöndürən, bibər qazı və duman dağıdıcı yerləşdirilib.
Avtomobilin salonunda arxa hissədə Pentaqona və vitse-prezidentə bağlı olan peyk telefonu, oksigen balonu və həyəcan siqnalı vermək üçün düymə yerləşdirilib.
Sürücü tərəfdə isə baş ofislə birbaşa bağlantısı olan GPS sistemi və xüsusi kompüter var.
Bundan başqa, avtomobildə müdafiə üçün saxlanılan silahlar, bibər qazı və prezidentin yaralanması hallarında istifadə etmək üçün RH- qan qrupu bir qutu qan da saxlanılır.
Mənbə:> Oxu.Az