“Google”dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik – VİDEO
Dünyanın nəhəng axırış sistemi olan “google” xəritəyə daxil olub ölkəmizin işğal altında olan yerlərinin adlarını yazan zaman qəribə mənzərə ortaya çıxır. Belə ki, adların Azərbaycan versiyası ilə yanaşı, erməni dilində dəyişmiş formasına rast gəlmək mümkündür. Qarabağ müharibəsindən indiyə kimi Azərbaycana məxsus 700-dən çox yerin adı dəyişdirilib. Məsələdən Azərbaycanın Xarici İşlər Nazirliyi də xəbərdardır.
Berdzor, Karvagar, Aqn, Varanda...
Bunlar Azərbaycanın işğal altında olan ərazilərindən bir neçəsinin adıdır. “Google” xəritədə bir çox ərazilərimizin adı məhz bu formada, erməni sözləri ilə təqdim edilir.
Xəritəyə daxil olub, Azərbaycan ərazilərinin adlarını yazdığımız zaman, ermənilərin qoyduqları qondarma adlar da ortaya çıxır. Hətta Azərbaycana məxsus olan bəzi yerlərin adları sadəcə erməni hərfləri ilə yazılıb.
Ermənişünas İsmayıl Tanrıverdinin sözlərinə görə, ermənilər tərəfindən bu günə qədər təkcə Qarabağ ərazisində 120 məntəqənin adı dəyişdirilib. Bir çox yerin adı isə təhrif edilib.
İTK mütəxəssisi Osman Gündüz isə bildirir ki, xəritə xidməti təklif edən bir çox şirkətlərdə bu tipli problemlərlə rastlaşmaq mümkündür. Bunun əsas səbəbi isə ölkəmizdə həmin şirkətlərlə işləyən bir qurumun olmamasıdır.
Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən edilən müraciətlər hələlik nəticəsiz qalıb.
Adların dəyişdirilməsi üçün hər bir istifadəçi “google” şirkətinə müraciət edib bu səhvlərin aradan qaldırılmasına yardımçı ola bilər.
AzNews.infoXəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı materialı təqdim edir:
Mənbə:> XəzərXəbər