Azərbaycan MN: Beynəlxalq qurumlar Azərbaycana qarşı nə tətbiq edə bilərlər?
Əgər beynəlxalq strukturlar, təşkilatlar hansısa bir ölkəyə qadağa və sanksiyalar tətbiq etməlidirlərsə, bu ilk növbədə Ermənistan olmalıdır. Azərbaycan öz sərhədləri çərçivəsində, öz ərazisində bütün qoşun növlərinin cəlb olunması ilə Silahlı Qüvvələrinin irimiqyaslı əməliyyat-taktiki təlimlərini keçirir. Beynəlxalq qurumlar Azərbaycana qarşı nə tətbiq edə bilərlər? Biz bu məsələdə beynəlxalq ictimaiyyətdən bizə qarşı ola biləcək hər hansı addımı gözləmirik.
Bu barədə Oxu.Az-ın müvafiq soğrusuna cavab olaraq, Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycanda keçirilən geniş miqyaslı hərbi təlimlərin Bakının üzərinə düşən beynəlxalq öhdəliklərinə, o cümlədən ATƏT-in 2011-ci ildə qəbul etdiyi və 2012-ci ildə əlavələr edilmiş Vyana sənədinin müddəalarına “zidd olduğunu” bəyan edib.
Düşmən bəyan edib ki, “Azərbaycan tərəfi sözügedən təlim barədə 2014-cü il 15 noyabr tarixinədək bu sənədi imzalayan dövlətlərə F30 formatında məlumat verməli idi”.
Azərbaycan MN-dən həmçinin bildiriblər ki, əslində beynəlxalq təşkilatlar Ermənistanın işğal etdiyi ərazilərdə hərbi təlimlərə reaksiya verməli, onlara qarşı ciddi tədbirlər görməli, Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər:
“Ermənistan hərbi təlimlərini işğal etdiyi torpaqlarda keçirir. Buna isə beynəlxalq qurumlar göz yumur, reaksiya vermirlər. Düşmən Azərbaycana məxsus ərazilərdə özü də irimiqyaslı hərbi təlimlər təşkil edir. Ötən ilin noyabr ayında bunun bir daha şahidi olduq. Həmin təlimlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edən Ermənistan SQ-yə məxsus hərbi helikopterin məhv edildiyi də heç kimin yadından çıxmayıb”.
Mənbə:> Oxu.Az