Akif Çovdarovdan Tağı Əhmədovla bağlı şok açıqlama: 'Balaca oğlu maşınla adam vurub…'
Məhbəsdəki MTN generalı: "Danışsam, agentura şəbəkəsi ifşa olunar"
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razı deyil.
Bu barədə onun vəkili Sadiq Rəsulov musavat.com-aməlumat verib.
Vəkilin sözlərinə görə, A.Çovdarov bildirib ki, dövlətin pulunu mənimsəməyib.
Akif Çovdarov: “Həmin pullar bir qəpiyinə qədər...”
Həbsdə olan Akif Çovdarov agenturaya ayrılan vəsaiti mənimsəməsi ilə bağlı ittihamlar barədə vəkilinə bunları deyib: “Dövlətin bir qəpiyini belə mənimsəməmişəm. İttiham aktında göstərilən həmin pullar agenturaya sərf olunan məbləğlərdir. Mən o barədə açıqlama versəm, Azərbaycanda rüsvayedici vəziyyət yarana bilır. Hətta agentura şəbəkəsi ifşa olunar. Müәyyәn qüvvәlәr prokurorluğun әli ilә məni agentura şəbəkəsini ifşa etməyə məcbur edirlər. Həmin pullar 2013-2015-ci illər arasında agenturaya sərf olunub. Mənim dövlәtçiliyin maraqlarını qorumaq mәqsәdi ilә susmağımdan istifadə edərək, barəmdə əlavə ittiham irəli sürdülər.
Bilirlər ki, xüsusi əhəmiyyətli sirri açan deyiləm. Mən ancaq bu sirri dövlət rəhbərliyinin razılığı ilə aça bilərəm. Buna isə razı olmazlar. Bu zaman kəşfiyyat və əks-kəşfiyyat deşifrə olar. Mənə qarşı saxta ittihamlar irəli sürüldü. Qeyd etdiyim qüvvələr dövlətin çətinə düşməsinə bilәrәkdәn göz yumurlar. Bütün bu hərəkətlə mənə qarşı deyil, məndən istifadə etməklə birbaşa dövlətə qarşı hərəkətlər edirlər. Həmin pullar bir qəpiyinə qədər dövlət təhlükəsizliyinə xərclənib. Dövlət rəhbərliyinin göstərişi ilə ittihamda göstərilən məbləğlərin hər bir manatına qədər hesabat verə bilərəm".
“Tağı Əhmədovun balaca oğlu maşınla adam vurub”
Vəkil bildirib ki, Akif Çovdarov “Bakı Metropoliteni”nin sabiq rəhbəri, indiki YAP Yasamal rayon təşkilatının sədri olan Tağı Əhmədovdan hədə-qorxu yolu ilə 3 milyon manat alması barədə də danışıb.
A.Çovdarov bu haqda vəkilinə bunları söyləyib: "Mən istintaq dövründə Tağı Əhmədovla üzləşmək istədim. Lakin bizim vəsatətlərimiz təmin edilmədi. Tağı Əhmədovun kiçik oğlu bu yaxınlarda aeroport yolunda dayanacaqda maşını ilə adam vurub. O biri oğlunun da barəsində rayon polis idarələrində cinayət materialları var. Hesab edirəm ki, bunları ört-basdır etmək üçün Tağı Əhmədovu mənə qarşı istifadə edirlər”.
Vəkil onu da əlavə edib ki, A.Çovdarovdan şikayət ərizəsi vermiş bir neçə şəxs dələduzluq maddəsi ilə həbs olunmuş şəxslərdir vә onların iddialarını ciddi qәbul etmәk olmaz.
Sadiq Rəsulov deyir ki, әrizәlәrin iş materiallarına necə daxil olunması çoxsaylı suallar yaradır.
“Әrizәlәrin heç birindә tarix göstәrilmir, üzәrindә onların qәbul edilmәsi ilә bağlı dәrkənar yoxdur, dәftәrxana vasitәsilә qәbul edilmәsi haqda ştamp yoxdur. Zәrәrçәkmiş şəxslәrdən bir neçəsi isə vəfat edib. Dünyasını dəyişən şəxslərin həyat yoldaşları isə zərərçəkmiş qismində göstərilib. Onlarla ölən şəxslərin ifadələri arasında isə ziddiyyətlər var” deyə, vəkil qeyd edib.
Xatırladaq ki, istintaq materiallarına əsasən, A.Çovdarov T.Əhmədovdan 3 milyon manata yaxın pul alıb. İstintaq materiallarına əsasən, pulu A.Çovdarova T.Əhmədobun qardaşı oğlu Ə.Əhmədov çatdırıb.
Tağı Əhmədov 3 milyonu niyə verib?
Pulun verilməsində məqsədə gəlincə isə bildirək ki, iddia edilir ki, MTN-ə 10 ədəd "Range Rover" markalı avtomobil lazım olub. Bunun üçün büdcədən pul ayrılıb. Lakin A.Çovdarov ayrılan məbləği mənimsəyərək, Tağı Əhmədovdan həmin maşınları alıb verməsini istəyib. T.Əhmədov isə bundan imtina edib.
A.Çovdarov da intiqam məqsədi ilə onun ətrafında olanlarla barədə araşdırma aparıb. Əhmədovun qardaşı oğlu Şövqi Tağıyevin və digər qohumu Elşən Tağıyev (Tağı Əhmədovun qardaşı oğlanları) A.Çovdarovun göstərişi ilə saxlanılıb. Onlara MTN-də fiziki təzyiq olunub. Sonda Tağı Əhmədov məcburən 3 milyon manatı verməyə razılaşıb. Onun oğlu Ruslan və qardaşı oğlu Əli 1,2 milyon dollar, 1,5 milyon avro və 300 min manat pulu qara idman çantasında 2014-cü ilin aprel ayında Bakıda A.Çovdarova məxsus mənzillərin birində şəxsən onun özünə veriblər.
Onu da əlavə edək ki, istintaq zamanı Akif Çovdarov Tağı Əhmədovun qardaşı oğlu Əli Əhmədovla üzləşdirilib. Vəkilin sözlərinə görə, Əli Əhmədov pulu Akif Çovdarova harada verilməsi soruşularkən doğru cavab verə bilməyib.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Yazıda adları çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.
Mənbə:> Musavat.com