Gürcüstanın iqtisadiyyat naziri Bakı-Batumi avtobuslarından danışdı
Dmitri Kumsişvilinin sözlərinə görə, Bakı-Batumi reysinin açılması turistlərin sayının artmasına təsir edəcək.
Bakı-Batumi avtobus reysinin açılması Gürcüstana Azərbaycandan gələn turistlərin sayının artmasına təsir edəcək.
Bu barədə Oxu.Az-ın əməkdaşına Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili deyib.
Onun sözlərinə görə, Bakıdan Batumiyə birbaşa reysin açılması turistlər üçün səyahəti daha da asanlaşdırıb:
“Sərnişinlər səfər zamanı nəqliyyat vasitəsini dəyişməli olmayacaqlar, bu isə öz növbəsində, çox rahat olacaq”.
Nazir qeyd edib ki, cəmiyyətin müəyyən təbəqəsinə bu və ya digər şəhərə səyahət etmə imkanı yaradılması turistlərin sayının artmasına təsir edir:
“Turistlərin sayını da dəqiqləşdirmək mümkündür. Bunun üçün avtobusların, bu avtobuslarda yerlərin, reyslərin müntəzəmliyini öyrənərək turist sayında artımı hesablamaq mümkündür”.
Xatırladaq ki, Bakıdan Batumiyə avtobus reysi açılıb. Bakı-Batumi reysi Gürcüstanın paytaxtı Tbilisidən keçir. Avtobuslar Bakıdan həftədə üç dəfə (bazar, çərşənbə axşamı, çərşənbə) saat 18:00-da yola düşür və Batumiyə səhər saat 08:00, 09:00-da çatır. Gediş haqqı 35 manatdır. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı ödənilmir (ayrı oturacaq olmadan - red).
Mənbə:> Oxu.az