Qarabağda ölən naməlum şəxslərdən 127-nin məzarı müəyyənləşdirilib
Aprel hadisələri ilə əlaqədar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu gücləndirilmiş iş rejimində çalışıb.
2014-cü ildə Kəlbəcərdə işğalçı Ermənistan hərbçiləri tərəfindən girov götürülən və qeyri-qanuni azadlıqdan məhrum edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması məsələsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bununla əlaqədar müvafiq beynəlxalq təşkilatlar qarşısında əsaslandırılmış tələblər qaldırılıb.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.
M. Quliyev bildirib ki, aprel hadisələri ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu gücləndirilmiş iş rejimində çalışıb:
“Həmin hadisələrlə əlaqədar 19 Ermənistan hərbçisinin meyiti qarşı tərəf verilib, şəhid olmuş 13 Azərbaycan hərbçisinin meyiti alınıb”.
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov nəzərə çatdırıb ki, bu ilin iyununda Ermənistan ərazisində saxlanılmış Qətibə Ələkbərova azad edilib:
“Ümumilikdə, 1 iyul 2016-cı il tarixə olan məlumata görə, 1436 nəfər əsir və girovluqdan azad edilmiş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdadır. Hesabat dövründə İşçi Qrupu tərəfindən münaqişə zamanı şəhid olan və tanınmadan dəfn edilən meyitlərə aid məzar yerlərinin CPS koordinaitlarının çıxarılması işinə də start verilib. 127 naməlum məzar yeri müəyyənləşdirilərək koordinatları təsbit olunub”.
Mənbə:> APA