Türkiyəyə dəvət edildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlayıb.
ANS PRESS-in məlumatına görə, təbrikdə deyilir: "Cənab Prezident, əziz qardaşım, Sizi doğum gününüz münasibətilə millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Liderliyiniz sayəsində Azərbaycan gələcəyə inamla baxan güclü və çiçəklənən ölkə olmaq yolunda sürətlə irəliləməkdədir. Azərbaycanın artan iqtisadi və siyasi gücü ilə Qafqazın yüksələn ulduzuna çevrilməsini böyük məmnunluqla müşahidə edirəm.
Bu prosesdə gücünü xalqlarımız arasındakı qədim qardaşlıq ənənələrindən alan Türkiyə-Azərbaycan əlaqələri bölgəmizdə bənzərsiz sabitləşdirici amilə çevrilib.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi 2015-ci il yanvarın 15-də ölkəmizdə qonaq qəbul etməkdən böyük şərəf duyacağımı bildirmək istəyirəm. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının səfəriniz çərçivəsində keçirəcəyimiz dördüncü iclası əlaqələrimizi daha da irəli aparacaqdır.
Bu münasibətlə Zati-aliləri əziz qardaşıma doğum günü münasibətilə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığının və rifahının davamlı olması üçün ən xoş arzularımı çatdırıram".
Mənbə:> ANSPRESS