Ramiz Mehdiyevin Çeçenistana səfərinin məqsədi məlum oldu
Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 23-də Çeçenistana səfər edib.
AzNews.info xəbər verir ki, onun səfəri barədə məlumatları Çeçenistanın səhiyyə naziri, azərbaycanlı Elxan Süleymanov özünün İnstagram səhifəsində yayıb.
Səfərin işgüzar xarakter daşıdığı bildirilir, ancaq məqsədi barədə məlumat verilməmişdi.
Bu gün Çeçenistan hökumətinin mətbuat xidmətindən virtualaz.org-a bildiriblər ki, Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təhlükəsizlik məsələlərini kurasiya edən yüksək vəzifəli rəsmilərin 7-ci Beynəlxalq görüşündə iştirak etmək üçün Qroznıya gedib.
Xatırladaq ki, Ramiz Mehdiyev həm də Azərbaycanın Təhlükəsizlik Şurasının katibidir. Qroznıdakı tədbiri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası təşkil edib.
Çeçenistan hökumətindən bildiriblər ki, tədbir zamanı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, regional və beynəlxalq təhlükəsizliyə təhdid olan miqrasiya problemi, beynəlxalq informasiya təhlükəsizliyinin formalaşdırılması kimi məsələlər müzakirə olunacaq.
Mənbə:> Virtualaz.org