Bakı merinin 24 illik videosu vəkili dilə gətirdi – VİDEO
1992-ci il 12 aprel tarixində Azərbaycan parlamentinin önündə ümummilli lider Heydər Əliyevin tərəfdarlarının keçirdiyi mitinqdən Musavat.com-un ötən gün yaydığı video ilə bağlı aksiya iştirakçılarından reaksiyalar gəlməyə başlayıb.
Tanınmış hüquq müdafiəçisi Səməd Vəkilov Axar.az-a açıqlamasında aksiyada iştirak etdiyini və o dövrü yaxşı xatırladığını bildirib:
“Videodan da göründüyü kimi, həmin vaxt biz Konstitusiyaya qərəzli olaraq, Heydər Əliyevin prezidentliyə namizədliyinin qarşısını almaq üçün salınan yaş senzi ilə bağlı maddəyə etiraz üçün ora yığışmışdıq. 12 aprel 1992-ci il tarixli mitinq bizim ilk aksiyamız idi. Tələbə idim, 17 yaşım vardı və bu aksiyaya bir çox əqidədaşım olan gənclə qoşulmuşduq”.
Səməd Vəkilov mitinqin hazırkı Bakı meri Hacıbala Abutalıbov tərəfindən təşkil edilmədiyini də diqqətə çatdırıb:
“Mitinqi Hacıbala Abutalıbov deyil, Əlincə Xeyriyyə Cəmiyyəti təşkil etmişdi. Biz gənclər ora BDU-nin Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Sadiq Qurbanovun təşəbbüsü və təşkilatçılığı ilə qatılmışdıq. Sadiq Qurbanov sonradan Yeni Azərbaycan Partiyası yaradılanda Gənclər Təşkilatının ilk sədri oldu”.
S.Vəkilov Heydər Əliyevə qarşı ədalətsizliyi daim tənqid etdiyini, YAP Gənclər Təşkilatının ilk qurucularından olduğunu da xatırladıb:
“Ancaq Heydər Əliyev hakimiyyətə qayıdandan sonra YAP-a böyük bir axın başladı və doğrusu, o dövrdə biz buna qarşı çıxdıq. Hesab edirdik ki, bu axın heç də siyasi əqidəyə görə deyil və buna etiraz olaraq mən siyasi fəaliyyətimi dayandırdım”.
S.Vəkilov heç bir təmənna güdmədən, əqidə baxımından əliyevçi olan həmin dövr gənclərinin bir çoxunun kənarda qaldığını bildirib:
“O vaxt Hacıbala Abutalıbovu biz kvant fizikası üzrə professor, əqidədaşımız kimi tanıyırdıq. Təəssüf ki, H.Abutalıbov vəzifəyə təyinat alandan sonra tamam dəyişdi, o dövrün əziyyətləri, hədələri içində çəkinmədən mübarizə aparan gənc əliyevçiləri tamam unutdu, əsl bürokrat məmur oldu”.
Xatırladaq ki Azərbaycan Respublikasının o vaxt qüvvədə olan Konstitusiyanın 121-ci maddəsində prezident seçkisində iştirak üçün yuxarı yaş həddi müəyyən edilərək, Heydər Əliyevin seçkilərdə iştirakını önləməyə çalışırdılar. Ancaq xalqın tələbi ilə bu qadağa aradan qaldırıldı.
Post by aznews.info.
Mənbə:> Axar.az