«Cəbrayıl rayonuna xoş gəlmisiniz» - Bayraq sancıldı – FOTO
Facebookda Azərbaycan Ordusunun əsgərlərinin Cəbrayıl rayonunun girişində olduğunu əks etdirən fotoları yayılıb. Avtosfer.az xəbər verir ki, Laçın rayon sakini Nicat Nağdalı tərəfindən yayılmış fotolarda üzərində «Cəbrayıl» sözü yazılmış, lakin xeyli köhnə dirək əks olunub. Həmin dirəyin üzərində isə Azərbaycan bayrağı dalğalanır. Həmin fotolardan belə başa düşülür ki, Azərbaycan Ordusu rayona yaxınlaşır. Üstəlik, düşmən ərazidən xeyli uzaqdadır. Bunu da təsdiq edən fakt odur ki, əsgərlərimiz ərazidə daha sərbəst hərəkət edirlər və xeyli rahatdırlar.
Azərbaycan Müdafiə Nazirliyi Cəbrayıl rayonunun düşmən işğalından azad edildiyi barədə hər hansı bir məlumat verməyib.
Avtosfer.az-ın məlumatına görə, bu ərazi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. Bu kənd 1994-cü ildə işğaldan azad edilsə də, yüksəkliklər ermənilərin əlində olduğu üçün ora yaxınlaşmaq mümkün deyildi. Lakin artıq ətrafdakı yüksəkliklər geri alındığı üçün Cocuq Mərcanlı kəndi də Azərbaycan Ordusunun nəzarətinə keçib. Gördüyünüz yazı isə sovet hakimiyyəti illərində kəndin girişində Cəbrayıl rayonuna daxil olmağı bildirən yazıdır. Bu dirəkdə həm də «Xoş gəlmişsiniz» sözləri yazılıb. Azərbaycan Ordusunun əsgərləri həmin dirəyin üzərinə bayrağımızı sancıb. Hazırda isə həmin kəndin ərazisi minalardan təmizlənir. Bu qürurverici mənzərəni sizlərlə paylaşmaq istəyirik…
Mənbə:> Avtosfer.az