Keçmiş MTN generalı apellyasiya şikayəti verib
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (TİCQMBİ) sabiq rəisi, general-mayor Sübahir Qurbanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
AzNews.info xəbər verir ki, Report-un əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses martın 28-nə təyin edilib.
İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, martın 7-də Səbail Rayon Məhkəməsində S.Qurbanov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb. Qərardan narazı qalan S.Qurbanov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Qeyd edək ki, ötən il noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda keçmiş MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyi bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Həmin gün S.Qurbanov barəsində Səbail Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Dekabrın 3-də isə onun vəkili Valeri Vəliyev tərəfindən apellyasiya şikayəti verilib. Məhkəmə Səbail Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, S.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib.
O, Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 182.3.1-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, bu Məcəllənin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), maddələri ilə ittiham olunur.
Mənbə:> Report.az