XİN: Sloveniya Milli Şurası Qarabağla bağlı qərar qəbul edib
Azərbaycan Avstriyadakı Səfirliyinin (Sloveniyada da akkreditasiya olunmuşdur) məlumatına əsasən, 20 yanvar 2016-cı il tarixində Sloveniya Respublikasının Milli Şurası tərəfindən şuranın üzvü Rudi Matjasicin təşəbbüsü əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar qəbul edib.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunur ki, qərarda Milli Şura Sloveniya Respublikasının Hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlik səylər çərçivəsində Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı müvafiq qətnamələrini dəstəkləməyi təklif edib.
Milli Şuranın üzvü Rudi Matjasic tərəfindən irəli sürülmüş təşəbbüsdə qeyd olunur:
Sloveniyanın Milli Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkünlərin təhlükəsiz və rahat şəkildə öz doğma yurd-yuvalarına qayıtmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında həllinin dəstəklənməsinə çağırır.
Sənəddə bütün hallarda etnik təmizləmə, qırğın və mülki əhalinin kütləvi şəkildə qətlə yetirilməsinin kəskin pislənilməli olduğu qeyd olunaraq, bu xüsusda Ermənistan silahlı qüvvələri tərəfindən 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımın insanlığa qarşı cinayət olduğu vurğulanıb və faciənin 24-cü ildönümü münasibətilə Azərbaycan xalqına başsağlığı ifadə olunub.
Sənəddə yazılır:
“26 fevral 2016-cı ildə 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 nəfər dinc sakinin Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində amansızcasına qətlə yetirilməsi və çoxlu sayda mülki insanın itkin düşməsindən 24 ilin keçir”. İnsanlığa qarşı cinayət olan bu hadisənin dünyanın əksər hökumətləri tərəfindən pislənildiyi vurğulanır.
Təşəbbüsdə BMT Baş Assambleyası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrində Dağlıq Qarabağ daxil olmaqla Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün dəstəkləndiyi qeyd olunaraq, münaqişənin həllinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyünə, xüsusilə BMT TŞ-nın müvafiq dörd qətnaməsinə (822, 853, 874 və 884) əsaslanmalı olduğu bildirilir.
Xarici İşlər Nazirliyi tərəfindən aparılmış işin nəticəsində Meksika, Pakistan, Honduras, Qvatemala, Kolumbiya, Panama, Peru, Bosniya və Hersoqovina, Sudan, Çex Respublikası və Rumıniyanın parlamentləri və ABŞ-ın 16 ştatının yerli qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və onun Parlament İttifaqı tərəfindən Xocalı faciəsini soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıyan, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalını pisləyən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyini və münaqişənin BMT TŞ-nın 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında həllini dəstəkləyən müxtəlif sənədlər qəbul edilib.
26 fevral 1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş əməllərin soyqırım və insanlıq əleyhinə cinayət kimi tanıdılması istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən ardıcıl fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.
Mənbə:> Oxu.Az