İran səfiri Nardaran hadisələrindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

İran səfiri Nardaran hadisələrindən danışdı – MÜSAHİBƏ

İran səfiri Nardaran hadisələrindən danışdı


Aparıcı regional oyunçulardan olan İran Azərbaycandan ötrü yaxın qonşu və vacib tərəfdaşdır. Bunu İranın dövlət rəsmiləri dəfələrlə bəyan ediblər.

AzNews.info xəbər verir ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də virtualaz.org saytına müsahibəsində də bunu bir daha vurğulayıb. Səfir iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərindən və iqtisadi əməkdaşlığın inkişafından söz açıb.

Bununla belə iranlı diplomat müsahibəsində son vaxtlar hamını narahat edən hadisələr - Nardaran olayları, Azərbaycanın cənub bölgəsində İslamın yayılması və Cənubi Azərbaycandakı növbəti etirazlar barədəki suallara ümumi sözlərlə, bir qədər ehtiyatlı, diplomatik cavablar verib.

Səfirlə müsahibəni təqdim edirik:

- Cənab səfir, bu gün Azərbaycanda xeyli ekspert İranı radikal islamçı qruplaşmalara dəstək verməkdə günahlandırır. Bu ittihamlar xüsusilə də son Nardaran hadisələri fonunda daha çox səslənir. Bu haqda nə deyə bilərsiniz?

- İran indiyədək Azərbaycana qarşı çıxan heç bir təşkilatı dəstəkləməyib. Ölkələrimiz arasında gözəl qardaşlıq münasibətləri var. Ona görə də bizim guya kimisə dəstəkləməyimiz barədə deyilənlər yalan və uydurmadır. Bizim Nardaran hadisələrinə də heç bir aidiyyətimiz, heç bir bağlılığımız yoxdur. Bakıda İran Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Rəhbəri də azərbaycanlı İbrahim İbrahimidir. Biz bütün mədəni-humanitar proqramlarımızı yalnız bu təşkilat vasitəsilə həyata keçiririk.

- İndi İranla Azərbaycanın münasibətləri hansı səviyyədədir?

- Ölkələrimiz arasındakı münasibətlər rəvan şəkildə inkişaf edir. Allaha şükür, bu gün heç bir problem yoxdur. Həm İran, həm də Azərbaycan qarşılıqlı əməkdaşlığı və dostluq münasibətlərini inkişaf etdirmək əzmindədir.

İranla Azərbaycan arasındakı əmtəə mübadiləsinin həcmi hazırda 500 milyon avrodur. Lakin bu da son hədd deyil, hər iki tərəf əməkdaşlığı daha da artırmaq niyyətindədir. Birgə avtomobil, dərman, neft-kimya məhsulları istehsalı zavodlarının tikintisi layihələrini nəzərdən keçiririk. Onu da deyim ki, Azərbaycandan İrana hər il 1 milyon adam gedib-gəlir. Yəni münasibətlərimizin kifayət qədər möhkəm və etibarlı bünövrəsi var.

- Lakin bunu yəqin siz də etiraf edərsiniz ki, bu münasibətlərə bəzən kölgə salan insidentlər olur. Məsələn, bu günlərdə İranda bir telekanal azərbaycanlıları aşağılamışdı...

- Bu problem artıq həll olunub. Məncə, o məsələyə yenidən qayıtmağa ehtiyac yoxdur. Telekanallardan biri səhlənkarlığa yol vermişdi. Bunun rəsmi Tehranın siyasətinə heç bir aidiyyəti yoxdur. Hökumət və telekanal azərbaycanlılardan üzr istədi, məsələ bununla da bitdi. İranda azərbaycanlıların hüquqları pozulmur, mənafeləri qorunur. Bunun əksini deyənlər vəziyyəti gərginləşdirmək istəyənlərdir. İranda azərbaycanlılar həm hökumətdə, həm də parlamentdə kifayət qədər geniş şəkildə təmsil olunur.

- Qarabağ məsələsi hələ də həll olunmamış qalır. İran bu məsələdə kömək edə bilərmi?

- İran məsələnin sülh danışıqları yolu ilə həllinə, Bakı ilə İrəvan arasında danışıqlar modelinə tərəfdardır.

- Amma İran Ermənistanla da dostluq edir...

- İran öz qonşuları ilə həmişə dost münasibətlərinə tərəfdar olub və indi də belədir. Amma bizim Azərbaycanla münasibətlərimiz Ermənistanla əlaqələrimizdən daha dərin və sıxdır. Bizim Ermənistanı dəstəkləməyimiz barədə deyilənlər doğru deyil. Ümid edirik ki, Qarabağ məsələsi sülh yolu ilə həll olunacaq və regionda sülh bərqərar olacaq.

- Regionda sülhdən danışırıq. Lakin İranın həm də Suriyada Bəşər Əsəd rejimini dəstəklədiyi deyilir...

- Bu da doğru fikir deyil. Biz Əsədi özünə prezident seçən Suriya xalqının bu seçiminə, iradəsinə sadəcə hörmət edirik. Biz Suriyada qarşı-qarşıya duran tərəflərin heç birini dəstəkləmirik. Arzumuz budur ki, bu ölkədə sülh yaransın. İstənilən ölkədə hakimiyyət dəyişikliyi dinc yolla, seçki yolu ilə baş verməlidir. Əgər Suriya xalqı sabah başqa hakimiyyət seçsə, İran onunla da işləməyə hazırdır.

- Cənab səfir, Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra yaşanan gözlənilməz Rusiya-Türkiyə münaqişəsinə münasibətinizi də bilmək istərdik...

- Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin bundan sonra daha da gərginləşməsi yolverilməzdir. İranın qonşuları arasında mehriban münasibətlər bizdən ötrü çox vacib məsələdir. Ona görə də İran bu böhranın mümkün qədər tez aradan qaldırılmasına tərəfdardır. Bu böhran davam etdikcə onun orbitinə yeni-yeni ölkələr də cəlb olunacaq. Ona görə də bu vəziyyət mümkün qədər tez aradan qaldırılmalıdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *