Azərbaycanda iki ali məktəb birləşdirildi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb.
Oxu.Az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, sərəncam pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə verilib.
Sərəncama əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunacaq.
Sənədə əsasən, Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.
Eləcə də Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, eləcə də bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək göstərişi verilib.
Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu sərəncamın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-pedaqoji potensialının gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin edəcək.
Mənbə:> Oxu.Az