Britaniya XİN rəsmisi: "Dağlıq Qarabağın işğalına son qoyulmalıdır" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Britaniya XİN rəsmisi: "Dağlıq Qarabağın işğalına son qoyulmalıdır"

Britaniya XİN rəsmisi: "Dağlıq Qarabağın işğalına son qoyulmalıdır"


Bu gün Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham ilə görüşüb.

Dövlət komitəsindən verilən məlumata görə, görüşdə Ə.Həsənov Böyük Britaniya Krallığından Azərbaycana mütəmadi olaraq nümayəndə heyətlərinin səfər etdiklərini bildirib: "Biz bunu yüksək qiymətləndiririk. Bu görüşlərin hamısında Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə müzakirələr aparırıq. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilib, 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Ancaq Azərbaycan beynəlxalq aləmdə ikili standartlarla üzləşir. BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə qətnamə və qərarlarını Ermənistan hələ də yerinə yetirmir. Problemin həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur. Lakin indiyədək bu qurum da səmərəli iş görməyib".

Ə.Həsənov bildirib ki, Azərbaycan ədalətin bərpa olunmasını istəyir: "Biz regionda sülhün bərqərar olmasını, təcavüzkarın öz adı ilə çağırılmasını istəyirik. Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun işğaldan azad edəcək".

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil siyasət yürüdür: "Azərbaycan öz müstəqil siyasətindən əl çəkməyəcək. Biz bu müstəqilliyi tökülən qanlar bahasına əldə etmişik".

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin becərilməsi və daşınması üçün istifadə etdiyini deyən Ə.Həsənov ölkəmizin bununla bağlı müvafiq beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini bildirib: "Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin Vyana ofisinin bununla bağlı qərarına da məhəl qoymayaraq, bu çirkin əməllərini davam etdirir".

Baş nazirin müavini deyib ki, Azərbaycan Prezidenti bir neçə mühüm strateji vəzifə müəyyənləşdirib: "Yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 5 faiz həddindədir. Neft amilindən asılılığın azaldılması da bu vəzifələr sırasındadır. Nəticələr göz qabağındadır. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Nəhayət, insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılması da diqqət mərkəzində olan vəzifələrdəndir".

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya departamentinin rəhbəri Maykl Tatham görüşdə deyib ki, bu, Azərbaycana ilk səfəridir və Bakıda gedən inkişaf prosesi onda xoş təəssüratlar yaradıb: "Azərbaycanın son illərdə artan beynəlxalq nüfuzu da diqqətimdədir. Son illər ərzində Azərbaycan nümayəndə heyəti ilə sıx təmasda olmuşam. Böyük Britaniya Azərbaycan ilə əlaqələrə xüsusi önəm verir. Azərbaycan ilə mövcud olan əlaqələrin daha da dərinləşdirilməsində maraqlıyıq. Xüsusilə ticarət, iqtisadi, enerji sektorunda bizim çox yaxşı münasibətlərimiz var. Tərəflər bu münasibətlərdən ötən illər ərzində faydalanıblar".

M.Tatham bildirib ki, Azərbaycan həssas regionda yerləşir: "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün nə qədər önəmli olduğunu dərk edirik. Bu məsələ bizi də narahat edir. Bizim mövqeyimiz aydındır: işğala son qoyulmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Biz ATƏT-in Minsk Qrupunun fəaliyyətinə çox böyük dəstək veririk. Bununla belə, bizi də məyus edən odur ki, qrupun fəaliyyətində hələ də ciddi irəliləyiş yoxdur".

Görüşün sonunda qonağa "Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı" kitabı və disk təqdim edilib.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *