DİN rəsmisi: Qanuna zidd şüarlar səsləndirilərsə, bu halların qarşısı alınacaq
Polis dinindən, irqindən asılı olmayaraq hər bir vətəndaşın hüququnu qorumalıdır. Seçkilərin şəffaf şəkildə keçirilməsi üçün Daxili İşlər Nazirliyi xüsusi tədbirlər planı hazırlayıb.
Burada seçkinin gedişinə əsassız müdaxilələrin qarşısının alınması, səsvermə hüququ olan vətəndaşların hüquqlarının təmin edilməsi nəzərdə tutulub.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oruc Zalov söyləyib.
O. Zalov vətəndaşların seçkidə iştirakının təmin edilməsi üçün şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı prosesin oktyabr ayının sonuna qədər yekunlaşdırılmasının nəzərdə tutulduğunu və səyyar “ASAN” xidmətlə hazırda yerlərdə bu sahədə işlərin görüldüyünü bildirib:
“Əhalinin miqrasiyası ilə bağlı seçki komissiyalarının müraciəti əsasında polis seçici siyahılarının dəqiqləşdirilməsi üçün bütün yardımları edəcək. Polislər üçün treninqlər də təşkil olunacaq”.
O. Zalov vurğulayıb ki, namizəd qeydə alınıbsa, seçicilərlə görüşünə şərait yaradılacaq:
“Sadəcə, yerli icra orqanları və seçki komissiyaları bu görüşlər barədə əvvəlcədən məlumatlandırılmalıdır ki, polis həmin görüşlər zamanı təhlükəsizliyi təmin etsin. Ancaq razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, qanuna zidd şüarlar səsləndirilərsə, polis bütün gücü ilə bu halların qarşısını alacaq.
Azərbaycanda yaradılmış ictimai-siyasi sabitlik imkan verir ki, əvvəlki seçkilər kimi bu seçkiləri də yüksək səviyyədə keçirək, seçilənin və seçənin hüquqlarını qoruyaq. Polis seçki komissiyaları ilə birgə seçkinin yüksək səviyyədə təşkil edilməsinə çalışacaq. Seçki keçirilən gün gücləndirilmiş mühafizə təşkil olunacaq, bülletenlərin məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına çatdırılması üçün polis sərəncamınızda olacaq”.
Mənbə:> APA