İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqlədi
Azərbaycan prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2015-ci il 28 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, müvafiq dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsində 234-cü maddə ləğv olunub. 234-cü maddə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam verməni nəzərdə tutur.
Mənbə:> AzərTAc