Mayın 17-də Bakıda Avropa Oyunlarının bir günü canlandırılacaq
Mayın 17-də “Bakı-2015” I Avropa Oyunlarının bir günü canlandırılacaq.
Bu barədə Oxu.Az-a Avropa Oyunlarının Təşkilat Komitəsindən məlumat verilib.
Yarışlar zamanı əməliyyatlara hazırlıq sınaqdan keçiriləcək.
Bildirilib ki, Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunan simulyasiya tədbiri altı saat ərzində - 08:00-dan 14:00-a qədər davam edəcək.
Nəqliyyatın hərəkətinin məhdudlaşdırılması halı nəzərdə tutulmasa da, yollarda avtobus, taksi və mikroavtobusların sayı artacaq. Buna səbəb isə, iyunun 12-də start götürəcək Avropa Oyunları üçün, Bakı 2015-in hazırladığı əməliyyat proqramlarını sınaqdan çıxarmaqdır.
Bakı 2015 Avropa Oyunları zamanı şəhərdaxili hərəkət haqqında ən son məlumatı əldə etmək üçün aşağıdakı mənbələrə müraciət etməyiniz xahiş olunur:
- Bakı 2015 Tamaşaçı Məlumat Mərkəzi – 2015 nömrəsinə zəng etməklə;
- Nəqliyyat Nazirliyi, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyətinin internet səhifələri;
- Radio, sayt və facebook səhifəsi də daxil olmaqla NİİM-in əlaqə kanalları.
Mənbə:> Oxu.Az