2 milyonluq boru işi ikinci dəfə Ali Məhkəmədə
Bakıda 2 milyon manata yaxın dəyəri olan borulara görə iki şirkət arasında bir neçə ildir davam edən üzücü çəkişməyə nəhayət nöqtə qoyula bilər. Virtualaz.org xəbər verir ki, həmin boruların kimə məxsus olduğu barədə məsələyə ikinci dəfə Ali Məhkəmənin Kollegiyası baxacaq.
Oxucular yəqin xatırlayar ki, həmin borulara eyni vaxtda iki şirkət- Biləcəri Təmir Quraşdırma” Qapalı Tipli Səhimdar Cəmiyyəti (QTSC) ilə Abşeron rayonu ərazisində eyni adlı yaşayış kompleksi inşa edən “Cənnət Park” MTK iddia edir. Bəs necə olub ki, həmin boruların iki iddiaçısı meydana çıxıb?
Həmin əhvalat barədə virtualaz.org saytı ötən ilin oktyabrında ətraflı yazmışdı. Mübahisənin kökündə isə iki biznes subyekti arasında borc mübahisəsinə sonradan üçüncü subyektin qarışması dayanırdı. Və nəticədə eyni hakimin bir mübahisə predmeti barədə iki fərqli hökm verməsinə, hətta Konstitusiya Məhkəməsinin qərarının faktiki pozulmasına aparıb çıxaran absurd situasiya yaranmışdı.
Belə ki, borc mübahisəsi əvvəlcə “Biləcəri Təmir Quraşdırma” Qapalı Tipli Səhimdar Cəmiyyəti (QTSC) ilə 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Tresti arasında başlayıb. “Biləcəri Təmir Quraşdırma” QTSC bir müddət 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinə dəmir borular satıb. Lakin sonradan Trestin işləri düz getməyib və müqavilə şərtlərini pozaraq aldığı boruların pulunu ödəməyib. Nəticədə boruları satan tərəf məhkəmə iddiası qaldırıb.
İşə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb. Məhkəmə 2015-ci il fevralın 10-da 16 saylı İnşaat İstehsalat Təsərrüfat Trestindən “Biləcəri Təmir Quraşdırma” QTSC-nin xeyrinə 6.468.936 manat pulun ödənilməsi barədə hökm çıxarıb. Hökmü çıxaran isə məhkəmənin hakimi Aida Hüseyn idi.
Lakin borclu olan tərəf ödəmə qabiliyyətini itirdiyindən 6.5 milyon manata yaxın vəsaiti ödəmək iqtidarında olmayıb. Binəqədi rayon icra şöbəsi həmin məhkəmə hökmünün icra tədbirləri zamanı 16 saylı İnşaat-İstehsalat Trestinə məxsus 2100 ədəd boru aşkar edib. Və həmin boruların üzərinə məhkəmə qərarı ilə həbs qoyulub. Borular 2 milyon 81 min manat dəyərində qiymətləndirilib və borcun bir hissəsinin əvəzində “Biləcəri Təmir Quraşdırma” QTSC-yə təklif edilib.
Təklif qəbul edilib və borular icra məmurları tərəfindən aktlaşdırılıb, məhkəmənin çıxardığı hökmə əsasən “Biləcəri Təmir Quraşdırma” QTSC-yə ödənilməli olan borcun bir hissəsinin əvəzi olaraq bu müəssisənin mülkiyyətinə verilib.
Lakin bir müddət sonra məlum olub ki, həmin əmtəənin başqa iddiaçısı da var-Abşeron rayonunda, Xırdalanda “Cənnət Park” adlı yaşayış kompleksinin inşası ilə məşğul olan eyni adlı MTK.
Belə ki, “Cənnət Park” MTK boruların onun mülkiyyətində olduğunu irəli sürüb. Əsas kimi isə 16 saylı İnşaat-İstehsalat Trestinin onlara borclu olmasını, borcun əvəzində dəyəri 2 milyon manata yaxın olan dəmir boruları MTK-nın mülkiyyətinə verməyə razılaşdığını göstərib. Müvafiq müqaviləyə istinad edərək boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-yə verilməsinə dair 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin hökmünü mübahisələndirib.
Lakin “Cənnət Park” MTK-nın iddiası təmin edilməyib. İş Ali Məhkəməyə qədər gedib çıxıb. Ali Məhkəmə 2017-ci il iyunun 30-da hökm çıxarıb ki, borular “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyəti hesab olunur. “Cənnət Park” MTK boruları ələ keçirmək uğrunda mübarizəni dayandırmayıb, bu dəfə Konstitusiya Məhkəməsinə şikayət verib. Ən yüksək məhkəmə orqanı isə MTK-nin şikayətini icraata qəbul etməkdən imtina edib. (Həmin mübahisənin tarixçəsi barədə bu linkdə: https://virtualaz.org/aktual/128303)
“Cənnət Park” MTK isə bu dəfə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınıb “Cənnət Park” MTK-ya verilməsi üçün fərqli məzmunda yeni iddia təqdim edib. Məhkəmənin hakimləri mübahisənin düz Ali Məhkəməyə qədər gedib çıxdığını, Konstitusiya Məhkəməsinin borulara dair hökmü faktiki dəstəklədiyini nəzərə alaraq bu iddianı baxılmaq üçün qəbul etməyiblər. Amma həmin hakim-Aida Hüseyn sürpriz qərarla iddianı baxılmaq üçün qəbul edib. 3 il əvvəl çıxardığı hökmü, Ali Məhkəmənin qərarını və Konstitusiya Məhkəməsinin mövqeyini bir kənara tullayıb və boruları “Cənnət Park” MTK-nın mülkiyyəti elan edib.
Beləliklə, qarşılıqlı mübahisələr, məhkəmə çəkişmələri uzanıb. İndi Biləcəri Təmir Quraşdırma” Qapalı Tipli Səhimdar Cəmiyyətinin rəhbəri Nazim Tahirov ümid edir ki, heç olmasa ikinci dəfə, illərdir davam edən çəkişmələrdən, aşağı məhkəmə instansiyalarında yol verilən ədalətsizliklərdən sonra Ali Məhkəmənin Kollegiyası nəhayət işə düzgün baxacaq. Onun pozulmuş hüquqlarını bərpa edəcək, faktiki əlindən alınmış əmlakını geri qaytarmağa imkan verən hökm çıxaracaq.
Şirkət rəhbəri Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edir və xahiş edir ki, Kollegiyada işə düzgün, ədalətli və obyektiv baxılmasını təmin etsin. Habelə bundan əvvəl qeyri-obyektiv qərarlar çıxaran hakimlərə qarşı tədbir görsün.
Qeyd edək ki, Nazim Tahirovun “Cənnət Park” MTK ilə çəkişmə ərzində yazmadığı instansiya, şikayət etmədiyi orqan qalmayıb. Ona qarşı məhkəmələrdə yol verilmiş haqsızlıqlar bir yana, məhkəmə icraçıları da qarşı tərəfin maraqlarına uyğun addımlar atıb. Nəhayət geriyə Ali Məhkəmənin Kollegiyasının bu hüquqi nonsensi aradan qaldıraraq illərdir sürən çəkişməyə ədalətli sonluq gətirəcəyini gözləmək qalır.
Mənbə:> Virtualaz.org