Türkiyə seçim qarşısında qalsa...
ABŞ və Qərbin Rusiya və İrana qarşı sanksiya siyasətinin Türkiyə üçün ciddi təhdid olduğunu düşünmürəm.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, Türkiyə NATO-nun üzvüdür:
“Rusiya və İranla əlaqələri daha da inkişaf etdirməsi NATO-dan çıxarılması təhlükəsini yarada bilər ki, bu da Türkiyə üçün heç də arzulanan deyil. Türkiyə ixracatının 57%-i AB ölkələrinədir. Təqribən 15 milyard dollarlıq da ABŞ ilə ticarət dövriyyəsi var. Sadəcə olaraq, Türkiyə rəhbərliyinin yeni siyasəti ondan ibarətdir ki, bu münaqişələrdən istifadə edərək, Türkiyənin maraqlarını təmin edə biləcək iqtisadi münasibətlərə getsin. Çünki təqribən iki il bundan öncə Türkiyə və Rusiya arasında təyyarə böhranı yaşananda bu, Türkiyə iqtisadiyyatında özünü göstərdi. Kənd təsərrüfatı məhsullarının ixracatı dayandı, Türkiyəyə Rusiyadan gələn turistlərin sayı dəfələrlə azaldı. Bütün bunlar da Türkiyə iqtisadiyyatına mənfi təsir göstərdi. Bunu nəzərə alaraq, Türkiyə çalışır ki, artıq öz siyasətində manevrlər etsin. Türkiyə o həddə qədər manevr edə bilər ki, bu manevr AB-nin və ABŞ-ın maraqlarına toxunmasın. Yəni bu maraqları nəzərə alaraq, Türkiyə Rusiya və İranla iqtisadi əlaqələrini genişləndirməyə çalışacaq”.
N.Cəfərli vurğulayıb ki, Qərb tərəfindən seçim qarşısında qalsa, Türkiyə NATO və AB ölkələrini seçəcək:
“Bu ölkələrlə əməkdaşlığın davam etməsində Türkiyə hökuməti daha maraqlıdır”.
Politoloq Qabil Hüseynli isə Türkiyənin sanksiyalar məsələsində əl-qolunun o qədər də açıq olmadığını bildirib:
“Rusiyaya və İrana qarşı ABŞ-ın və Qərbin sanksiyaları getdikcə dərinləşir. Digər tərəfdən, bu gün Türkiyə və ABŞ münasibətləri həlimləşməkdə, münasibətlərdə yeni bir səhifə açılmaqdadır. Güman etmirəm ki, Türkiyə ABŞ, eləcə də NATO ilə birliyi atıb, Rusiya və İranın strateji məqsədlərinə sona qədər güzəştə gedəcək. Hansı nöqtədəsə bu üç ölkə arasında müəyyən fikir ayrılıqları yarana bilər. Bu da “Üçlər ittifaqı”nın səmərəli fəaliyyətinə maneçilik törədər”.
Mənbə:> Axar.az