27 il Xankəndisiz...
Bu gün Azərbaycanın Xankəndi şəhərinin və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik Kərkicahan qəsəbəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.
1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndinin işğalı başa çatıb.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə dəstələrindən, yeni yaradılmış polis və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar. Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, 10 dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid 5 sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3 nəfəri qadın, 2-si isə azyaşlı uşaq olub.
Mənbə:> AzNews.info