David Tonoyan: “Bəli, Azərbaycan ordusu irəliləyib, biz də irəliləmişik...” AZƏRBAYCANIN CAVABI
Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonoyanın Naxçıvanla bağlı növbəti absurd açıqlaması ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurlar Ermənistan tərəfinə rahatlıq vermir və onları daim gərginlikdə saxlayır.
Bildirilir ki, Ermənistan müdafiə naziri vəzifəsini icra edən David Tonoyan bu gün jurnalistlərə verdiyi açıqlamasında növbəti dəfə sərsəm bəyanat səsləndirib.
D.Tonoyanın bir tərəfdən Azərbaycan Ordusunun Naxçıvan istiqamətində guya “heç bir ərazini azad etmədiyi və yalnız öz sərhədləri daxilində irəliləyərək mövqelər arasında məsafəni azaltması”, digər tərəfdən isə “Azərbaycan tərəfinin fəaliyyəti barədə məsələnin beynəlxalq instansiyalarda qaldırıldığı” ilə əlaqədar bəyanatı onun özü-özünü təkzib etməsini bir daha sübut edir.
Üstündən xeyli müddət keçməsinə baxmayaraq D.Tonoyan Ermənistan ordusunun guya Naxçıvan istiqamətdə hansısa tədbirlər görməsi barədə yalan fikirlər səsləndirməklə bu ölkədə keçiriləcək parlament seçkiləri qabağı erməni ictimaiyyətini yenidən çaşqınlığa sürükləyir.
Azərbaycan Ordusunun Naxçıvan istiqamətində əldə etdiyi uğurları əks etdirən foto və video materiallar mediada ətraflı yayımlanıb və ictimaiyyət, o cümlədən beynəlxalq qurumlar da bu barədə kifayət qədər məlumatlandırılıb.
* * *17:43
Ermənistan müdafiə nazirinin səlahiyyətlərini icra edən David Tonoyan Azərbaycan silahlı qüvvələrinin bu ilin yaz aylarından başlayaraq Naxçıvan istiqamətində irəliləyərək yeni strateji mövqelərdə möhkəmlənməsi barədə yayılmış yeni məlumatlarla bağlı mətbuat konfransı keçirməli olub. virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, David Tonoyan Ermənistan silahlı qüvvələrinin də Naxçıvanla sərhəddə “öz mövqelərini möhkəmləndirdiyini” deyib, üstəlik təkcə erməni torpaqları hesabına deyil.
“Düşənbə razılaşmalarını nəzərə alaraq mən müdafiə naziri kimi bəyan edirəm ki, Azərbaycan Silahlı Qüvvələri Naxçıvan istiqamətində heç bir ərazi “azad etməyib””-Tonoyan belə deyib.
Ermənistan müdafiə naziri təsdiq edib ki, Azərbaycan Silahlı Qüvvələri irəliləyib, amma bu tərəflərin mövqeləri arasında qalan ərazilərdə baş verib. Üstəlik həmin ərazilər Naxçıvana aiddir. Ermənistan Silahlı Qüvvələri isə heç vaxt həmin ərazilərə nəzarət etmirdi.
Tonoyanın sözlərinə görə, erməni hərbçiləri “mümkün təhdidləri azaltmaq üçün zəruri tədbirlər görüblər”. Və Azərbaycan tərəfinin hərəkətləri beynəlxalq instansiyalarda qaldırılıb.
Xatırladaq ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bu ilin yazında keçirdiyi uğurlu əməliyyat nəticəsində Şərur rayonunun 90-cı illərin əvvəllərindən erməni mövqelərinin nəzarəti altında qalan və tərk edilmiş Günnüt kəndi də daxil olmaqla 11 min hektara yaxın ərazi üzərində nəzarət bərpa olunub. Ötən həftə “Bellingcat” saytında dərc edilmiş məqalədə və peyk fotolarında isə göstərilirdi ki, Azərbaycan ordusu bütün yay aylarında və payızın əvvəllərində Naxçıvan istiqamətində mühəndis işlərini davam etdirib, yeni strateji mövqelərdə möhkəmlənib və Ermənistan ordusunun postları, hərbi təchizat yolları tamamilə əlverişsiz vəziyyətdə qalıb. Nəticədə ermənilər bir postu tərk etməli olublar, bəzi postları isə tərk etməyə məcbur olacaqlar.
Mənbə:> Virtualaz.org