“Bizdə dərsliklər şagirdə əzab vermək üçündür, bilik qazandırmaq üçün deyil...”
Azərbaycanda son illər orta məktəb dərslikləri üzərində aparılan “eksperimentlər”, məğzi vaxtilə heç təhsilə rəhbərlik edənlərin özlərinə də axıra qədər aydın olmayan kurrikulum sistemi və dərsliklərin yazılması, çapı sahəsində kök salmış korrupsiya bu sahədə ciddi böhran yaranıb. Virtualaz.org vaxtaşırı olaraq bu problemə işıq salmağa çalışır, ekspertlərin, təhsil işçilərinin rəylərini öyrənir.
Acınacaqlı da olsa bu gün vəziyyət belədir ki, məzmunu tez-tez dəyişən, heç kimin tanımadığı səriştəsiz müəlliflər tərəfindən yazılan orta məktəb dərslikləri şagirdlərə bilik qazandırmaqdan daha çox elmin tənəzzülünə gətirib çıxarır.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da dərsliklərdəki nöqsanlardan şikayətçidir. Onun fikrincə, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil. Dərsliklərin məzmunundan belə məntiq çıxır ki, bu dərslikləri oxuyub başa vuran şagirdin elmi dərəcəsi olmalıdır. Çünki dərsliklərə demək olar ki, bakalavr, magistr pilləsində keçilən mövzular daxil edilib.
“Hesab edirəm ki, bu gün dərsliklər şagirdlər üçün yox, müəllimlər üçün yazılır. Çünki bu kitabları müəllimlər özləri güclə qavrayıb başa düşür”, -K.Əsədov virtualaz.org-a açıqlamasında deyib.
Ekspertin fikrincə, dərslik siyasətində hansı prioritetin seçilməsi önəmlidir. Birincisi, məktəbin qarşısına qoyulan vəzifə savadlı, kifayət qədər sözəbaxan, sosial baxımdan qeyri-aktiv şagird hazırlamaqdırsa o zaman dərsliklər sovet dövründəki kimi yazılmalıdır. Yəni artıq-əskik mətnlərə yer verilməməli, hər şey ölçülü-biçili olmalıdır. Məsələn, birmənalı suallara birmənalı cavablar olmalıdır.
Ancaq müasir məktəbdən söhbət gedirsə, o zaman dərslik tamam başqa funksiyaları daşımalıdır: “Hazırda informasiya texnologiyaları əsridir. Bizdə isə informasiya texnologiyalarına istinad etmədən hazırlanan dərsliklər səssiz filmlər kimidir, görüntü var, amma səs yoxdur. Təəssüflər olsun ki, bu gün dərsliyə səhifələrin sayına görə yanaşırlar. Yəni səhifələr bitdi, işimiz də bitdi, buna görə də sonda hamı narazı qalır”.
Ekspert hesab edir ki, bu gün orta məktəblərin bütün siniflərində istifadə olunan dərsliklər əzab mənbəyidir, sanki şagirdə əzab vermək üçündür, bilik qazandırmaq üçün deyil.
“Avropa dərsliklərinə fikir verin, maraqlı, rəngarəng mətnlər, şəkillər, yaradıcı tapşırıqlarla zəngindir. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Dərslik fikir laboratoriyasıdır, tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Bizdə isə dərsliklərə jarqon ifadələr, vulqar cümlələr verilib, guya ki, uşağa seçim imkanı yaradılır. Halbuki mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz. Çünki bu ifadələr şagirdlərə pis nümunə ola bilər”, -K.Əsədov əlavə edib.
Qeyd edək ki, dövlət məktəblərində istifadə ediləcək dərsliklərin seçilməsi Təhsil Nazirliyi tərəfindən elan olunmuş tender əsasında aparılır. Nazirlik nəşriyyatların müəllif seçiminə müdaxilə etmir. Müsabiqəyə təqdim edilən dərslik layihələri Dərslikləri Qiymətləndirmə Şurasına təqdim olunur ki, şurada həm də Dövlət İmtahan Mərkəzinin ekspertləri iştirak edir. Qiymətləndirmə nəticəsində qalib gəlmiş dərslik geniş ictimiyyət üçün açıq elan edilir və ona dair ictimai rəyin öyrənilməsinə başlanılır.
Təhsil Nazirliyindən bildiriblər ki, 2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılıb. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.
Mütəxəssislər isə hesab edirlər ki, bu sahədə dönüş yaratmaq üçün dərsliklərin yazılması və sifarişi mexanizmi kökündən dəyişməlidir. Dərsliklərin yazılması hər küçədən keçənə həvalə edilməməlidir.
Mənbə:> Virtualaz.org