Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin vəzifələri artırıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.
Virtualaz.org-un məlumatına görə, dəyişikliyə əsasən “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nə aşağıdakı məzmunda 5.8-1-ci yarımbənd əlavə edilir:
“5.8-1. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəli cinayətlərin mərkəzləşmiş statistikasının elektron formada aparılmasını təşkil edir, həmin cinayətlərlə bağlı statistik məlumatların toplanması, emalı və ötürülməsi üzrə informasiya sisteminin fəaliyyətini təmin edir;”.
Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti bu fərmanda nəzərdə tutulan statistik məlumatları Baş Prokurorluğun müəyyən etdiyi formaya əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mütəmadi olaraq təqdim edəcəklər.
Nazirlər Kabineti və Azərbaycan Mərkəzi Bankı rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə Azərbaycandan çıxarılması və Azərbaycana gətirilməsi zamanı bəyan edilməsi qaydasının müəyyən edilməsi üçün üç gün müddətində zəruri tədbirlər görüb bu barədə Azərbaycan Prezidentinə məlumat verəcəklər.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nı üç gün müddətində təsdiq edib bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”nin 5.8-1-ci bəndində nəzərdə tutulmuş məlumatlarla bağlı məhkəmə statistikasını Baş Prokurorluq tərəfindən müəyyən edilmiş formaya əsasən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə mütəmadi olaraq təqdim edəcək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Mənbə:> Virtualaz.org