Elmir Axundov öldü: polis mayoru həbs edildi
Bir neçə gün əvvəl sosial KİV-də Qazax rayon sakin Elmir Axundovun ölməsi haqda informasiya yayılmışdı. Bildirilirdi ki, Elmir Axundova yerli polis bölməsində ölümünə qədər işgəncə veriblər.
Şəkillərdə mərhumun bədənində çoxsaylı qançırlar görünürdü. İnformasiya sosial şəbəkələrdə geniş ictimai rezonans və müzakirələr doğurmuşdu.
Bir gün sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu hadisəyə reaksiya verdilər və birgə məlumatla çıxış etdilər.
Məlumatda bildirilirdi ki, sentyabrın 25-də Qazax rayon Müalicə Diaqnostika Mərkəzindən rayon sakini Elmir Axundovun ölmüş vəziyyətdə təcili-tibbi yardım briqadası tərəfindən xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal Rayon Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, E.Axundovun anası sentyabrın 24-də Rayon Prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Kərim Əhmədov tərəfindən döyüldüyünü bildirib. Müraciət əsasında E.Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkarlanıb.
Eyni zamanda, qeyd edilən tarixdə K.Əhmədov da Rayon Polis Şöbəsinə müraciət edərək E.Axundov tərəfindən döyüldüyünü bildirib. Bununla əlaqədar sentyabrın 25-də E.Axundov izahatının alınması məqsədilə Polis Şöbəsinə dəvət edilib və həmin gün saat 22 radələrində səhhəti pisləşdiyi üçün Təcili-Tibbi Yardım Xidmətinə müraciət olunub, həkim briqadası Rayon Polis Şöbəsinə gələrək E.Axundovu ölmüş vəziyyətdə yerli Diaqnostika Mərkəzinə aparıb.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülməklə hər iki qurumun məsul əməkdaşları Qazax rayonuna ezam olunub.
K.Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Bu arada hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org-a məlum olub ki, bu iş üzrə həmçinin, Qazax Rayon Polis Şöbəsinin əməkdaşı-mayor İlham Süleymanov da saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Post by aznews.info.
Mənbə:> Virtualaz.org