“Azərbaycanın Naxçıvan istiqamətində qoşun cəmləşdirməsi bizi çox narahat edir...”
Azərbaycan qoşunlarının təkcə Qarabağda deyil, Ermənistanla dövlət sərhədi boyu, xüsusən Naxçıvan istiqamətində cəmləşməsi və fəallaşması haqda deyilənlər doğrudur. İrimiqyaslı hərbi əməliyyatların bərpa edilməsi ehtimalı Bakının danışıqlar prosesindəki “maksimalist tələbləri” nəzərə alınmaqla həmişə yüksək olub.
Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyada mənzillənən “EADaily” portalına müsahibəsində deyib.
Ermənistan müdafiə nazirinin sözlərinə görə, Azərbaycan qoşunlarının Naxçıvan istiqamətində cəmləşdirilməsi xüsusi narahatlıq doğurur. Çünki bu istiqamətdə istənilən eskalasiya digər regional oyunçuların da cəlb olunduğu böyük böhrana səbəb ola bilər.
David Tonoyan deyib ki, əgər yenə eskalasiya baş versə bu dəfə həmsədrlər erməni tərəfini “əlindəki bütün vasitələri tətbiq etməklə” cavab tədbirləri görməkdən saxlaya bilməyəcək. Onun sözlərinə görə, erməni tərəfi “sülh üçün xahiş etmir”.
Tonoyanın bildirdiyinə görə Ermənistan 2016-cı ilin aprel müharibəsindən hərbi dərs çıxarıb. Gələcəkdə qəfil hücumların baş verməməsi üçün tədbirlər görüb, yəni gözlənilməzlik effektini aradan qaldırıb. Amma erməni tərəfi bütün diqqətini aprel müharibəsinin dərslərinə cəlb etmir.
“Hərb tarixində çoxlu belə nümunələr var ki, hətta ən təcrübli hərbi rəislər və bütöv ordular gələcək müharibələrə əvvəlki hərbi əməliyyatların nəticələrindən çıxış edərək hazırlaşaraq səhvlərə yol veriblər. Ona görə də biz hərbi əməliyyatlara universal şəkildə hazırlaşırıq, təkcə keçmişin təcrübəsini nəzərə almaqla kifayətlənmirik”-Tonoyan bildirib.
Mənbə:> Virtualaz.org