Rusiya 82 illik müqaviləni arxivə göndərir – Türkiyə üzərindən TƏHDİD
“Qərb Azov dənizində vəziyyətə görə Ukraynanın Rusiyaya qarşı sanksiyalarını dəstəkləyərsə, Rusiya “Montre boğazlar konvensiyası”nı təkrar gözdən keçirə bilər”.
Publika.az xəbər verir ki, bu haqda Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Russian Today” telekanalının saytına bildirib.
Onun sözlərinə görə, Kiyevin təşəbbüsü tamamilə düşüncəsiz xarakter daşıyır.
“Əgər Qərb belə sanksiyalar qəbul edərsə, onda biz “Montre boğazlar konvensiyası”nı təkrar gözdən keçirməyə tam sərbəstik. Nəzərə alaraq ki, Türkiyə ilə münasibətlərimiz hazırda yüksələn xətlə inkişaf edir. Düşünürəm ki, belə sanksiyalar qəbul edərsə, Qərbin özü çox sevinməyəcək”, - o deyib.
Deputat vurğulayıb ki, Rusiya və Ukraynanın daxili sularında problemlər “Şimal” gəmisinin dənizçilərini saxlayan Ukrayna tərəfindən provokasiya edilib.
“Azov dənizinin akvatoriyasında gərginlik həmişə olurdu. Sadəcə ukraynalılar “Pandora yeşiyi”ni açdılar”, - Kalaşnikov yekunlaşdırıb.
Türkiyənin 1936-cı ildə Bolqarıstan, Fransa, Böyük Britaniya, Avstriya, Yunanıstan, Yaponiya, Rumıniya, SSRİ və Yuqoslaviya ilə imzaladığı “Montre boğazlar konvensiyası”, müharibə və ya müharibə təhlükəsi zamanı Türkiyəyə bəzi səlahiyyətlər verir. Sülh vaxtı müəyyən qaydalar çərçivəsində boğazları hərbi və ticarət gəmilərinin keçişi üçün sərbəst edən konvensiyaya görə müharibə vaxtı Türkiyə tərəf ölkələrdən biridirsə, boğazların istifadəsində istədiyi kimi hərəkət edə bilər.
Mənbə:> Publika.az