Avropa İttifaqı Azərbaycanda regionların inkişafına 13 milyon avrodan çox vəsait ayıracaq
Avropa İttifaqı (Aİ) Lənkəran iqtisadi rayonuna dəstəyini artırmaqla Azərbaycan iqtisadiyyatının şaxələnməsinə göstərdiyi köməyini davam etdirmək niyyətindədir.
Aİ ölkənin sosial-iqtisadi baxımdan inkişafını gücləndirmək, Bakı ilə digər şəhər və rayonlar arasındakı fərqi azaltmaq üçün 13 milyon avrodan çox maliyyə yardımı ayıracaq.
Lənkəran rayonunda adambaşına düşən gəlir və məhsul istehsalı, eləcə də adambaşına düşən sərmayənin səviyyəsi çox aşağıdır, ancaq bu rayon qiymətli bağçılıq təsərrüfatı məhsullarının istehsalında yüksək potensiala malikdir. Aİ-nin həyata keçirəcəyi proqramda rayonun meyvə-tərəvəz sahəsinin rəqabət qabiliyyətinin və əlavə dəyərinin davamlı surətdə gücləndirilməsi diqqət mərkəzində olacaq.
Avropa Komissiyasının Şərq Qonşuluğunun direktoru Lorens Meredit yerli icra orqanlarının nümayəndələri ilə görüşmək, Aİ-nin dəstəyi ilə Cəlilabadda yaradılan peşə təhsili və təlimi məktəbinə baş çəkmək və Lənkəran Universitetinin tələbələri ilə görüşmək üçün iyunun 6-da Lənkərana səfər edib.
Aİ təşkilatın standartları və qabaqcıl təcrübəsinə uyğun regional planlaşdırma sistemini yaratmaq, yerli iqtisadi və icma əməkdaşlıq mərkəzlərinin müasir şəbəkəsini qurmaq, Lənkəranda meyvə-tərəvəz sahəsində sahibkarlıq və investisiya şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti ilə çalışmaq niyyətindədir.
Mənbə:> Virtualaz.org