“Örüşləri əlimizdən aldılar, camışı harada saxlayaq?...”
Azərbaycanda bir zamanlar heyvandarlığın istiqamətlərindən biri olan və gəlir gətirən sahə hesab edilən camışçılıq məhv olmaq üzrədir. Ölkədə camışçılıq təsərrüfatlarının sayı ildən-ilə azalır, fərdi təsərrüfatarda da camış saxlayanlar kəskin azalıb. Hazırda iri heyvandarlıq təsərrüfatlarında cins inək saxlamağa üstünlük verirlər, kəndli-fermerlərin isə 3-5 baş camışdan artıq heyvan saxlamağa gücü çatmır.
Virtualaz.org xəbər verir ki, 2016-cı ilə ölkədə 214.224 baş camış olduğu halda ötən il heyvanların sayı 196.651-ə qədər azalıb. Ümumilikdə 2000-ci ildən indiyədək hər il əvvəlki ildən 10-30 faiz azalma müşahidə edilir.
“Camış saxlamaq çətin işdir…”
Camışçılıqla məşğul olan fermerlər deyirlər ki, təsərrüfatlar özəlləşdiriləndən sonra otlaq sahələrinin azalması, göllərin qurudularaq yerində məhsul əkilməsi onları çıxılmaz vəziyyətdə qoyub.
“Camış saxlamaq çətindir. Camış istini sevir, gərək nohur, bataqlıq, gölməçələr olsun. Otlaq sahələrində məhsul əkdilər, harda bataqlıq, gölməçə gördülər, qurudub əkin sahəsinə çevirdilər. Heyvanı yemləməyə örüş sahəsi yoxdur. Ona görə də indi cəmi 4 camışım qalıb, qalanlarını satmışam”,- Ağdaşdan olan fermer Şakir Məmmədov deyir.
Fermer əlavə edir ki, son 4-5 ilə qədər örüş sahəsi icarəyə götürüb, amma indi icarə sərf etmir. 1 camışa baxmaqdansa 2-3 inəyə baxmaq daha sərfəlidir.
“Payızda, qışda yem olmur, yayda da su tapmaqda çətinlik çəkirik. Su olmadığından sahələrdə ot da azdır. 1 litr camış südü tərkibinə görə 3 litr inək südünə bərabərdir, buna görə də camış südü, qatığı, yağı bahalıdır. İri təsərrüfatlara sərf edir, xərc çəkirlər, qazanırlar. İnək südü camış südündən 2 dəfə ucuzdur. Kəndlərdə camış saxlayan südündən, qatığından istifadə edir, olmayan da artıq pul verib almaq istəmir. 3-5 camışla nə qədər süd satıb qazanmaq olar ki örüş sahəsinin icarə pulunu da ödəyə bilək”,-Məmmədov deyir.
Xərçəng xəstəsi olan imkanlı şəxsin sifarişi ilə camış saxlayan fermer
Adının çəkilməməsini istəyən digər fermer isə deyir ki, təsərrüfatında 5 camışı var, onu da xərçəng xəstəsi olan imkanlı şəxsin sifarişi ilə saxlayır.
“Hər camışdan gündəlik 6 litrə qədər süd alırıq. Südün litrini 1 manata veririk. Camış südü xərçəng xəstələri üçün dərmandır. Cavan heyvanın əti inək və qoyun ətindən dəfələrlə faydalıdır. Camış xəstəliyə davamlıdır, məsələn, camış brilslyoza yoluxmur. Buna baxmayaraq camış ətinə təlabat yoxdur. Camış ətinin kiloqramını bəzi kəndlərdə 6-7 manata satılır”, -fermer bildirir.
Kənd Təsərrüfatı Nazirliyi də camışçılığın tənəzzüldə olduğunu təsdiqləyir
Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də camışçılıq təsərrüfatlarının azaldığını etiraf edir. Şöbə müdiri deyir ki, torpaqlar özəlləşdiriləndən, son illər isə örüş sahələrinin əkin üçün geri alınmasından sonra hər yerdə camış saxlamaq mümkün deyil. Buna baxmayaraq camışçılıq təsərrüfatının artırılması üçün tədbirlər görülür. Bu il xaricdən camış alınaraq lizinq yolu ilə satılacaq.
Qalib Əbdüləliyev
“Xüsusilə Aran bölgəsində, Kür qırağında camış təsərrüfatları var. Heyvanların sayı azalsa da, ötən il süd məhsullarının istehsalında 1, 6 faiz artım olub”, -şöbə müdiri əlavə edib.
Q.Əbdüləliyevin sözlərinə görə, Respublika Süni Mayalanma Mərkəzində İrandan idxal olunmuş iki baş-mürvah mənşəli camış saxlanılır. Onların toxumu süni mayalanma mütəxəssisləri vasitəsilə camışlıq təsərrüfatlarında istifadə olunur.
“Çox mənfəətli heyvandır…”
Nazirliyin Göygöldə yerləşən “ Kənd təsərrüfatı istehsalat müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətnin rəhbəri Rasim Şəfiyev isə bildirib ki, camış digər heyvanlardan fərqli olaraq otu çox yeyir. Buna görə də camış saxlamağın çətin olduğunu deyirlər. Amma camış mənfəətli heyvandır, südü, qatığı, yağı, qaymağı keyfiyyətinə görə bahadır. Bizim təsərrüfatda alıcı problem yoxdur, südü elə qapıdan alıb aparırlar. Südündən Gəncədə qaymaq hazırlanır. 1 kq yağ üçün 22 litr inək südündən istifadə olunursa, eyni miqdarda yağın alınmasından ötrü cəmi 8 litr camış südü lazımdır.
Hələ sovetlər dönəmində camış “kasıb malı” hesab edilib. Çünki örüş və su olandan sonra kəndliyə əziyyət verməyib. İndi camış təsərrüfatlarına yardım edilmir, vergi və ya əlavə güzəştlər yoxdur. Kəndli-fermerlərin heyvandarlığın inkişafı üçün nəzərdə tutlan dövlət proqramlarından gözləntiləri azdır.
Mənbə:> Virtualaz.org