Arif Rəhimov “Formula 1 Azərbaycan Qran Prisi”nin gələcəyi barədə
“Mayami “Formula 1” üzrə dünya çempionatının təqvimində Bakını əvəzləməyəcək”.
Bunu “Formula 1” üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov deyib. O, bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarışın təşkilatçısı ilə 2020-ci ilə qədər müqaviləsi var: “Bu sözləşməyə yalnız qarşılıqlı razılaşma əsasında xitam vermək olar. Lakin bunu etməyə hazırlaşmırıq. Bundan əlavə, “Liberty” şirkətinin bizim Qran Prini istəməməsinə dair heç bir əlamət görmürəm. Yeni təqvim açıqlanandan sonra şayiələrə son qoyulacaq”.
Müqavilə müddətinin 2025-ci ilədək uzadılması ilə bağlı hələ qərar vermədiklərini deyən A.Rəhimov bildirib ki, daha yaxşı şərtlərin təklif olunmasını gözləyirlər: “Sözləşmənin uzadılması ilə bağlı qərarı iyunun sonunda verməliyik. Lakin biz son müddəti danışıqların aparılması üçün təxirə sala bilərik. İstənilən halda, iyunun axırında məsələni həll etməyə çalışacağıq. Düşünürəm ki, razılaşacağıq”.
Qeyd edək ki, 2019-cu ildə “Formula 1” üzrə Azərbaycan Qran Prisinin 26-28 apreldə keçiriləcəyi gözlənilir.
Mənbə:> Virtualaz.org