II Fəxri Xiyabanda və ətrafında məzarüstü abidələr oğurlandı – FOTO
Bakının II Fəxri Xiyaban və onunla üzbəüz yerləşən Yasamal qəbiristanlığında (“Dağüstü qəbiristanlığı”) mərmər və bürüncdən hazırlanmış qəbirüstü abidələrin kütləvi oğurluğu baş verib. Vandalizmə məruz qalanlar arasında bir sıra görkəmli xadimlərin də məzarları var.
virtualaz.org xəbər verir ki, əsasən qara və qırmızı mərmər, eləcə də tuncdan olan xatirə lövhələri, məzar daşları, abidələr bir neçə gün əvvəl oğurlanıb.
Vandalizmə məruz qalan məzarlardan biri İsgəndər Sadıq oğlu Cəfərova məxsusdur, onun II Fəxri Xiyabanın girişi ilə üzbəüzdə yerləşən, qara mərmərlə işlənmiş məzarından mərmər heykəli oğurlanıb.
“İsgəndər Cəfərovun oğlanları Moskvada “Lukoyl” şirkətində böyük vəzifələrdə işləyirlər. Atalarının məzarüstü abidəsinin hazırlanmasına on minlərlə dollar pul xərcləyiblər. Gəlib baxdılar, məzarın bu hala salınmasından çox əsəbləşdilər, yəqin ki, polis tezliklə oğruları həbs edəcək”, -qəbirstanlıqdakı mollalardan biri məlumat verir.
virtualaz.org dəqiqləşdirib ki, mərhum İsgəndər Sadıq oğlu Cəfərov akademikdir, Rusiyadakı azərbaycan diasporunun fəallarından biri olub və biznesmen-oliqarx, Putinin dostu İlham Rəhimovun qudasıdır. O, 2013-cü ildə vəfat edib.
II Fəxri Xiyabanla üzbəüzdə mərhum Cəfər Quliyevin də qara mərmərdən olan başdaşının üstündən heykəlini kəsib götürüblər. Molla deyir ki, mərhum bu yeri nənəsinə görə götürüb, özünün təşəbbüsü ilə ətraf qara mərmərdən döşənib. Amma qəflətən özü dünyasını dəyişib.
“Cəfər çox hörmətli şəxs idi, Sumqayıtda zavodu vardı. Biliblər ki, abidə qiymətli mərmərdən hazırlanıb, oğurlayıb aparıblar”, -adının açıqlanmasını istəməyən molla əlavə edib.
II Fəxri Xiyabanın çölündəki məzarlıqdakı üstü qırmızı mərmərdən olan köhnə qəbir də yararsız hala salınıb. Məzarın üstündə mərhumun ad-soyadı yazılıb-Nadir Adil oğlu Əliyev.
Qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər. Mollalar deyirlər ki, son vaxtlar qəbirstanlıqlar hədəfə götürülüb, misdən, bürüncdən olan nə varsa sökülərək aparılır.
“Bir də görürsən ki, məzar daşı yerli-dibli çıxarıb aparıblar. Qəbirstanlıq çox böyükdür, nəzarət etmək mümkün deyil. Oğurluq gecə baş verir, rusların qəbirlərindəki dəmirdən olanları çıxarırlar, bizimkilərin mərmər daşları oğurlanır”-molla deyir.
II Fəxri Xiyabanda da oğurluq olub. Baxmayaraq ki, oranın nəzarətçisi hadisəni ciddi-cəhdlə gizləməyə çalışdı: “Rəhbərlik oğurluq hadisəsi ilə bağlı polisi məlumatlandırır. Hər bir xəbər mərhumun yaxınları tərəfindən narahatlıqla qarşılanır, xahiş edirik yazmayın. Bura ancaq polisə girə bilərsiniz, bizə belə deyiblər”.
Xiyabanın ərazisində çalışanlardan isə öyrənirik ki, aprelin sonunda tanınmış rəssamlardan birinin məzarının üstündə adı yazılmış hərfləri oğurlayıblar. Xalq artistlərdən birinin məzarından isə mərmərdən düzəldilmiş çalğı alətini götürüblər.
II Fəxri Xiyabanın nəzarətçisi bildirib ki, xiyabanın girişində müşahidə kameraları quraşdırılıb. Oğrular gecə gəlirlər və giriş qapısından deyil, hasardan düşürlər. Buna görə də onları yaxalamaq asan olmur.
“Fəxri Xiyabanda nəzarətçi var, səhər saat 8-dən axşam saat 6-ya qədər əraziyə baxır. Amma bütün günü nəzarət etmək mümkün deyil, baxmayaraq ki, giriş qapısı həmişə açıq olur”, -bunu isə Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Depratentinin Əhaliyə Vətəndaşlıq Xidmətləri Trestinin baş mühəndisi, jurnalistlərin gəldiyini eşidərək tələsik özünü yetirən Sabir Həsənov deyir.
Onun sözlərinə görə, qəbirstanlıqda oğurluq tez-tez baş verir. “Mənəviyyatsız adamlardır, mərhumların sinə daşlarını oğrlayırlar, dəyər-dəyməzə satırlar. Yalnız 8-ci kilometr qəsəbəsindəki qəbirstanlıq hasara alınıb, onun da 64 giriş qapısı var. Qəbirstanlıqlara nəzarət etmək çətindir, qarşısını almaq olmur”-Həsənov deyir.
Bakı şəhər İcra Hakimiyyətindən isə qəbiristanlıqlarda bu kütləvi oğurluqlarla bağlı şərh almaq mümkün olmadı.
Mənbə:> Virtualaz.org