Bu gün Azərbaycanda Yel çərşənbəsidir.
Ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.
İnanca görə, bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
Qədim inanclara görə , Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.
Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
Mənbə:> AzNews.info