“Forbes” Brüsseli çox narahat edən seçkilər və Azərbaycan qazının yolunun kəsilməsi riski haqda
Avropa İttifaqının siyasi və iqtisadi liderləri İtaliyada ötən bazar günü keçirilmiş parlament seçkilərinin nəticələri üzərində baş sındırır. Virtualaz.org “Forbes”ə istinadən xəbər verir ki, Avropa liderləri seçkilərdə populist və rusiyameylli “Beş ulduz” hərəkatının qalib gəlməsindən ciddi narahatlıq keçirərək yaranmış vəziyyətdən çıxış yolları axtarırlar.
Hesab edilir ki, “Beş ulduz” hərəkatının seçkilərdə qalib gəlməsi İtaliyada 2009-cu ildən başlayan iqtisadi böhranın nəticəsidir. “Beş ulduz” hərəkatının beş əsas şüarə içməli suya ictimaı çıxış, dayanıqlı nəqliyyat, dayanıqlı inkişaf, hamı üçün əlçatan internet və ətraf mühitin mühafizəsidir.
“Beş ulduz” seçkilərin nəticələrinə əsasən yeni parlamentdə yerlərin 32 faizinə sahib olacaq. Bu, seçkilərdə ən yüksək nəticədir. Lakin partiya bu səslərlə hökuməti təkbaşına formalaşdıra bilməz, hökumət formalaşdırmaq üçün yerlərin azı 40 faizinə sahib olmaq lazımdır.
Seçki kampaniyası dövründə partiya bildirib ki, əsas partiyalardan heç biri ilə koalisiya formalaşdırmayacaq. Lakin kampaniyanın son günlərində partiyanın lideri, 31 yaşlı Luici Di Mayo mövqeyini yumşaldaraq 40 faiz səs yığa bilməyəcəkləri halda başqa partiyalarla koalisiya qurmaq imkanlarını nəzərdən keçirə biləcəklərini deyib.
Hazırda ən ehtimal olunan ssenari Silvio Berluskonunun “Forza İtalia” partiyası ilə “Şimal liqası” və “İtaliya qardaşları” partiyalarının ittifaqıdır. Lakin “Beş ulduz” partiyası da koalisiya formalaşdırmaq şansını saxlayır. “Forbes” qeyd edir ki, əgər bu baş verərsə İtalianın bir sıra planlaşdırılan energetika layihələri üçün problem yarada bilər. Çünki “Beş ulduz” Transadriatik Qaz Kəməri (TAP) layihəsinin qatı əleyhdarıdır. Azərbaycan qazını Avropa bazarlarına çıxarmaq üçün çəkilən bu kəmərə qarşı illərdir İtaliyada “Beş ulduz” hərəkatı tərəfindən aksiyalar təşkil olunur, bəzən aksiyalar zorakı xarakter alır. Aksiyalar layihənin qarşısını ala bilməsə də ləngiməyə səbəb olub.
“Beş ulduz” partiyasının əsasını keçmiş şoumen Beppe Grillo qoyub. O, Kremlə simpatiyasını gizlətmir və seçkilər ərəfəsində ABŞ kəşfiyyatı bildirmişdi ki, Rusiyanın “Beş ulduz” hərəkatını, habelə “Şimal liqası”nı maliyyələşdirdiyi barədə məlumatlara malikdir. Beppe Grillo 2014-cü ildə TAP üçün referendum keçirməyə çağırmışdı. Onun varisi bu ideyaya xüsusi rəğbətlə yanaşmır.
Mənbə:> Virtualaz.org