Bu gün Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun doğum günüdür – VİDEO + FOTO
Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Dövlət Mətbuat Nazirliyində "Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi"nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.
Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərmişdir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilmişdir.Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi. 1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər... Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu... Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi...Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.
Ailəli idi, Təhminə adında qızı var.
Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb.
Qəhrəmanın haqqında "Anama deyin ki", "Əfsanəyə dönmüş ömür", "Ərdağına gedən yol" kitabları və bir çox yerli qəzetlər və jurnallarda, eyni zamanda Türkiyənin "Hüriyyət" və "Zaman" qəzetlərində geniş məqalələr çap edilmişdir.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman - İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən "Alınmaz qalanın qəhrəmanları" sənədli-bədii filmi çəkilmişdir.
Mənbə:> AzNews.info