İntihar edən polkovnikin bütün əmlakı müsadirə edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

İntihar edən polkovnikin bütün əmlakı müsadirə edilir

İntihar edən polkovnikin bütün əmlakı müsadirə edilir

Ailə üzvü: “Həmin əmlaklar sırasında İlqara ”Qara kəmər" əməliyyatında iştirakına görə verilən torpaq sahəsi də var"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin ailə üzvləri üzərinə həbs qoyulan əmlaklarının geri qaytarılması üçün məhkəməyə müraciət ediblər. “Report” bildirir ki, bu barədə Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin hökmü ilə bağlı verilən apelyasiya şikayəti üzrə Bakı Apelyasiya Məhkəməsində elan olunub.

Məlum olub ki, İ.Əliyevin ailə üzvləri E.Quliyev və A.Mehdiyevin barəsində Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdən narazı qalıblar. Belə ki, məhkəmə hökm çıxaran zaman işdə olan İ.Əliyevə və ailə üzvlərinə məxsus üzərində həbs qoyulmuş əmlakın müsadirə edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, İ.Əliyev və onun ailə üzvlərinə məxsus əmlak cinayət yolu ilə əldə edilib. Həmin qərardan narazı qalan İ.Əliyevin ailə üzvləri apelyasiya şikayəti veriblər. Şikayət araşdırılması üçün hakim Sahibxan Mirzəyevin icraatına verilib. İ.Əliyevin ailə üzvlərinin şikayəti E.Quliyev və A.Mehdiyevin işi ilə birləşdirilib, eyni icraatda araşdırılacaq. Məhkəmənin növbəti iclası martın 15-nə təyin edilib.

Xatırladaq ki, İ.Əliyev 2015-ci ilin oktyabrında həbs olunub. O, həmin il dekabrın 20-də saxlandığı istintaq təcridxanasındakı kamerasında asılmış meyiti aşkar olunub. Bundan sonra İ.Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb, intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib. İ.Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakaların üzərinə həbs qoyulub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il azadlıqdan məhrum ediliblər. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib. E.Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib. İlqar Əliyevin ailə üzvlərindən biri adının açıqlanmaması şərti ilə “Yeni Müsavat”a deyib ki, siyahıda yer alan əmlaklardan ikisi ona məşhur əməliyyata görə ölkə rəhbərliyi tərəfindən hədiyyə edilib: “Həmin əmlaklar sırasında İlqara ”Qara kəmər" əməliyyatında iştirakına görə verilən torpaq sahəsi də var. Həmin torpaq sahəsi Ceyranbatan qəsəbəsində yerləşir. Həmin torpaq sahəsi ilə yanaşı Mərdəkanda bağ və medal da vermişdilər. Vəzifəli şəxs idi, ona topraq sahələri bağışlayanlar olmuşdu. Bu gün yalan çox yazılır. İlqar Əliyevin Badamdarda bir evi var, həmin evdə də ailəsi, uşaqları yaşayır".

Ailə üzvü deyir ki, İlqar Əliyevin həyat yoldaşı işləyir və övladlarını dolandırır: “Şükür Allaha, yoldaşı da işləyir, dolanırlar. Uşaqlar oxuyur, dövlətə, millətə layiqli övladlar olacaqlar. Bizim ailə ziyalı ailə olub. Biz milyonçu deyilik. İlqarı bu gün cəmiyyətə başqa cür təqdim edirlər. Xalqa nə məlumat verirlər, ona da inanır”.

Eyni zamanda məlum olub ki, İlqar Əliyevin bacısı oğlu da məhkəməyə iddia verərək əmək kitabçasında yer alan qeydlərin ləğvini tələb edir. İlqar Əliyevin bacısı oğlu Milli Təhülkəsizlik Nazirliyi ləğv olunana qədər orada Əks Kəşfiyyat İdarəsində çalışıb. 2015-ci ilin oktyabrında MTN-dəki məlum həbslərdən sonra İlqar Əliyevin bacısı oğlu işdən kənarlaşdırılıb, əmək kitabçasında işdən kənarlaşdırılmasının səbəbi kimi xidməti uyğunsuzluğu göstərilib. Lakin Əliyevin bacısı oğlu bu qeydlə razı deyil və artıq 3 ildir ki, məhkəmələrdə bu qeydin ləğvini tələb etməkdədir.

İ.Əliyevin ailə üzvü bildirib ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və digər iş yoldaşları onun ailəsinə hər hansı bir köməklik etmirlər. Tam olaraq əlaqəni kəsiblər.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *