Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib... » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...

Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...

2014-2016-cı illəri əhatə edən “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın vaxtı çoxdan bitsə də, paytaxtın kənar qəsəbə və kəndlərinin əsas problemlərinin həll olunması barədə danışmaq tezdir. Çünki vaxtaşırı olaraq bu qəsəbələrin sakinlərindən məhəllədaxili keçilməz yollar, məktəblərin və uşaq bağçalarının, uşaqlar üçün oyun meydançalarının yoxluğu, digər problemlər barədə şikayətlər alırıq. Belə şikayətlər əlbəttə ki, müvafiq rayon icra hakimiyyətlərinə də tez-tez ünvanlanır.

Bülbülə, Buzovna, Hövsan, Ramana, Binə, Maştağa, Zabrat və digər qəsəbələrdə yolların bərbad vəziyyətdə olması, məhəllələrə kanalizasiya xətlərinin çəkilməməsi ilə bağlı dəfələrlə yazmışıq. Bu qəsəbələri Bakı ilə birləşdirən yalnız eyni coğrafi ərazidə yerləşməsidir, infrastruktur baxımından isə onlar ucqar dağ kəndlərini xatırladır.

Xüsusən payız-qış mövsümündə redaksiyamıza məhəllədaxili yolların keçilməz olması ilə bağlı onlarla şikayət gəlir. Sakinlər deyirlər ki, yağış yağandan sonra məhəllə yolları, eləcə də, əsas küçələr keçilməz bataqlığa, palçıq gölməçələrinə çevrilir. Hər gün şəhər mərkəzinə işə gedən qəsəbə sakinləri özləri ilə ehtiyat çəkmə götürmək məcburiyyətində qalırlar.

Hövsan qəsəbəsi son yağışdan sonra

Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...


3 növbəli məktəblər, uşaq bağçalarında basabas...

Məsələn, sakinlərin sözlərinə görə, Suraxanı rayonunun Bülbülə qəsəbəsində on il əvvəl inşa olunan 316 saylı məktəb təxminən 800 şagird üçün nəzərdə tutulsa da, hazırda burada iki dəfə artıq - 1700 şagird təhsil alır. Çünki həmin məktəbin yerləşdiyi ərazidə məskunlaşma xeyli artıb, məktəb yaşlı uşaqların sayı çoxalıb. Nəticədə məktəbin əlavə korupsunun tikintisinə çoxdan ehtiyac yaranıb. Bu qəsəbənin Samir Əliyev küçəsi, "A" massivindən isə məhəllədaxili yolların yağış yağandan sonra əsl bataqlığa çevrilməsi haqda dəfələrlə şikayətlər eşidilib.

Eyni problem Bakının digər kənar qəsəbələrində də müşahidə olunur. Məsələn, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 314 saylı məktəbdə bu səbəbdən 3 növbəli dərs sisteminə keçilib. Şagirdlər həftənin 6 günü dərsə gedir və axşam saatlarına qədər məktəbdə oxumalı olurlar.

Uşaq bağçalarında da yerlər çatışmır. İşləyən valideynlər paytaxtın kənar məhəllələrində uşaqlarına bağça tapa bilmirlər. Mətbuatda tez-tez bir çarpayıda iki uşağın yatması, bir nəfər üçün nəzərdə tutulmuş yeməyin iki uşağa verilməsi ilə bağlı xəbərlərə rast gəlirik.

Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...


“Məmurlar xaotik məskunlaşmaya göz yumur, problemlərə gələndə yaxalarını kənara çəkir...”

Bəs Bakıətrafı kənd və qəsəbələrdəki problemləri necə həll etmək lazımdır: dövlət proqramları yetərlidirmi və ya məsələyə fərqli yanaşma lazımdır? Yerli icra hakimiyyəti orqanları nədən bu qəsəbələrdə ən xırda problemləri də həll etmir və nəticədə onlar üst-üstə yığılıb qalır?

İqtisadçı ekspert Qadir İbrahimli hesab edir ki, əsas problem dövlət proqramlarının düzgün tərtib olunmaması ilə bağlıdır. Çünki yerli icra hakimiyyəti orqanlarının məsuliyyət daşıdıqları ərazilərin problemlərindən çox vaxt xəbəri olmur. İcra başçıları və onların müavinləri nadir hallarda kabinetlərindən çıxıb qəsəbələrin, əhalinin problemləri ilə yerindəcə maraqlanırlar.

“Mənə elə gəlir ki, Bakıətrafı qəsəbələrin problemlərini heç yaxın gələcəkdə də həll etmək mümkün olmayacaq. Çünki məsələyə sistemli yanaşma yoxdur. Haradasa yeni məktəb və ya uşaq bağçası tikməklə, 3-5 kilometr yolu abadlaşdırmaqla bu qəsəbələri abadlaşdırmaq çətindir. Uzun illər boyu məmurlar bu qəsəbələrdə xaotik məskunlaşmaya göz yumublar, heç bir infrastruktur yaradılmayan ərazilərdə evlərin tikintisinə icazə veriblər. Lakin problemlər üst-üstə yığılanda, yağışdan sonra evləri su basanda, küçələr palçıqdan keçilməz olanda məmurlar dərhal yaxalarını kənara çəkirlər. Ən yaxşı halda sakinlərin şikayətlərini yuxarı instansiyalara ötürməklə işlərini bitmiş sayırlar”-Qadir İbrahimli deyir.

Bakı qəsəbələri: proqram bitib, dərdlər bitməyib...


Yollar çəkilib, məktəblər təmir olunub, park salınıb, amma...

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən isə virtualaz.org-a köhnə proqram çərçivəsində görülən işlər barədə ətraflı danışıblar. Lakin növbəti proqramın nə vaxt olacağı ilə bağlı məlumat verməyiblər.

Nazirlikdən bildirilib ki, Dövlət Proqramına uyğun olaraq 2014-2016-cı illər ərzində paytaxt və qəsəbələrdə 777,2 km müxtəlif diametrli qaz kəməri çəkilib,12 yarımstansiya, 59 transformator məntəqəsi tikilib, 4170 km elektrik xətti, 812,9 km müxtəlif diametrli su xətti, 155 km kanalizasiya xətti və ya kollektor çəkilib, 340 yaşayış binasının istilik sistemi yenidən qurulub, 9 su anbarı, 2 su və 1 kanalizasiya nasos stansiyası, 1 sutəmizləyici qurğu, 12 ATS tikilib, telefon şəbəkəsinin tutumu 23099 nömrə artırılıb.

“Dövlət Proqramına müvafiq olaraq Abşeron yarımadasında yerləşən 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə konseptual layihələr hazırlanıb, Böyükşor gölünün ekoloji bərpasının I mərhələsi başa çatdırılıb və gölün sahili boyunca 15 hektar ərazidə bulvar və park salınıb. Hazırda II mərhələ üzrə işlər davam etdirilir. 66 məktəbdə, 29 uşaq bağçasında, 4 peşə, 1 yaradıcılıq məktəbində, 28 gənclər və idman obyektində təmir-tikinti işləri aparılıb. Proqrama uyğun olaraq, 70,2 km qəsəbələrarası yollar çəkilib və ya təmir olunub, 51 yeni yol qovşağı, körpü, tunel və piyada keçidi tikilib”, - deyə məlumatda qeyd olunub.



Nazirlikdən həmçinin bildirilib ki, 2017-ci il və 2018-ci ilin ötən dövrü ərzində dövlət başçısı tərəfindən Xırdalan-Binəqədi-Balaxanı, Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi, Pirallahı, Binəqədi, Xəzər rayonunun Binə, Mərdəkan, Şağan və Şüvəlan qəsəbələrində, Sabunçu rayonunun Sabunçu, Maştağa, Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin davam etdirilməsi və bir sıra sosial obyektlərin tikintisinin başa çatdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalanıb və müvafiq vəsait ayrılıb.

Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni proqram barədə Bakı Şəhər İcra Hakimiyyətinə də müraciət etdik, amma dolğun cavab ala bilmədik: “Daha yuxarı təşkilatlar bu barədə qərar verirlər. Məndə yeni proqramın olacağı ilə bağlı heç bir məlumat yoxdur”, - deyə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova virtualaz.org-a bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *