Lütfi Zadənin Azərbaycana vida mesajı – Alimin son müsahibəsi – VİDEO+FOTO
Bir elmi kəşfi ilə dünya elminin, texnologiyanın inkişafını yeni məcraya yönəltməyi bacardı. Dünyaya səs saldı. ABŞ-da yaşasa da, ürəyi Azərbaycanla döyündü. Son vəsiyyəti “Məni vətənimdə dəfn edin” oldu. Söhbət Azərbaycanın və dünyanın böyük alimi Lütfi Zadədən gedir.
Böyük alimdən müsahibə almaq üçün ailənin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova vasitəsi ilə Ona müraciət etmişdik. Bu arzumuz alimin ölümündən qısa müddət əvvəl reallaşdı.
Oxu.Az Lütfi Zadənin sonuncu müsahibəsini təqdim edir.
– Əziz professor, xoşbəxtəm ki, mənimlə görüşməyə və müsahibə verməyə razılıq verdiniz. Əvvəlcə həyat yoldaşınızın vəfatı ilə bağlı Sizə başsağlığı vermək istəyirəm. Fey çox gözəl, mehriban, zəkalı xanım idi. Onunla bağlı gözəl xatirələrim var. Bilirəm ki, bu, sizin üçün çox böyük itkidir, acınızı paylaşıram.
Professor, icazənizlə, sualıma keçmək istərdim. Özünüzü necə hiss edirsiniz, səhhətiniz necədir?
– Bu müsahibəni təşkil etdiyiniz üçün təşəkkür edirəm. Azərbaycanlılara öz ürək sözlərimi çatdırmaqdan məmnunam. Feyə gəldikdə isə, biz onunla 70 il evli olmuşuq. Bu, kifayət qədər uzun müddətdir. Fey mənim üçün əsl tapıntı idi, onun yoxluğu mənim üçün çox böyük itkidir. Onsuz yaşaya biləcəyimə əmin deyiləm. Başsağlığınızı yüksək qiymətləndirirəm. Çox sağ olun.
Feyi itirmək mənə pis təsir edib. Artıq cavan deyiləm, 96 yaşındayam. 96 yaşlı adam üçün özümü yaxşı hiss edirəm, amma təbii ki, əvvəlki kimi güclü deyiləm, əvvəlki kimi iştaham və intuisiyam yoxdur. Bu, həyatdır, insanla bağlı məsələlər gec və ya tez bitir.
– Hal-hazırda hansı layihələr, məqalələr üzərində çalışırsınız?
–Mən çox aktivəm, Feyi itirəndən sonra aktiv qalmaq mənim üçün çox önəmlidir. Əməkdaşlıq müqavilələrim var, onlardan biri Azərbaycandan olan alimlərlədir. Bir neçə məqalə və kitab üzərində işləyirəm. Hal-hazırda bunlarla məşğulam. Bununla yanaşı, mən Səbinə Şahbazzadə ilə işləyirəm, o, mənim köməkçimdir.
Hələ aktivəm, beynim hələ işləyir, məqalələrdə yazmaq istədiyim ideyalarım var. Allaha şükr edirəm ki, bunları həyata keçirməyə qadirəm.
– Azərbaycan hər zaman sizin diqqətinizi çəkib, orada baş verən hadisələrdən məlumatlısınız. Ümumiyyətlə, Azərbaycan sizin üçün nə ifadə edir?
– Özümü hər zaman Azərbaycana yaxın hiss etmişəm, mən azərbaycanlıyam. Azərbaycanda anadan olmuşam və 10 yaşım olanda, oranı tərk etmişəm. Hələ də özümü 16 nömrəli məktəbdə şagird kimi xatırlayıram. Gözəl məktəb idi, yaxşı müəllimləri var idi.
Bakıda və 16 nömrəli məktəbdə keçirdiyim illər həyatımın önəmli və təkanverici mərhələsi oldu. Həyatımın Bakı mərhələsi dünyagörüşümün formalaşmasında böyük əhəmiyyət kəsb edib. Məktəb illərim çox keçmişdə qalsa da, Azərbaycan hər zaman qəlbimin ən isti yerindədir və orada yaşamağa davam edir.
– Azərbaycanda elm sahəsində çalışan gənclərə nə tövsiyə edərdiniz?
– Bilirəm ki, prezident İlham Əliyev Azərbaycanın, xüsusilə elmin inkişafında maraqlıdır. Hal-hazırda inkişaf var. Ən önəmlisi yolun düzgün olmasıdır.
Prosesin necə getməsini deyə bilmərəm. Amma Azərbaycandakı universitetlər və digər təhsil ocaqlarının ABŞ universitetləri, xüsusilə Berkli Universiteti ilə sıx əməkdaşlığını çox istərdim.
Berkli Universiteti və Azərbaycan Texniki Universiteti arasında növbəti 5 il müddətinə imzalanan tərəfdaşlıq müqaviləsi məni çox sevindirir. Azərbaycandan daha çox elmi təhqiqatçı və tələbə görmək arzusundayam.
– Fikrinizcə, gələcəyin elmi istiqamətləri nələrdir, nələri öyrənməliyik? Gənc nəslə tövsiyələriniz nədən ibarətdir?
– Mən kompüter, informasiya elmlərinə inanıram. Azərbaycanda kompüter elmlərinin inkişaf etdiyini düşünürəm. Bu sahədə tədrisin, tədqiqat işlərinin daha da inkişaf etdirilməsini tövsiyə edə bilərəm.
– Elmin dinamikasını dəyişən insan kimi, texnologiyaların inkişafı barədə nə düşünürsünüz?
– Amerika Birləşmiş Ştatlarında yeniliklər çoxdur. Xüsusən kompüter elmləri, süni intellekt sahəsi çox populyardır. Məsələn, “Google”ın yeni, sürücüsüz idarə olunan avtomobillər layihəsi var. Bu layihənin reallaşması, fikrimcə, uzun çəkəcək. Bu, yaxın gələcəkdə həyata keçən layihə olmayacaq, bəlkə 20, 30 və ya 50 ildən sonra reallaşacaq, ya da heç vaxt. Bu cür yeniliklər hal-hazırda var.
Mən öz işlərimdə qeyri-səlis məntiqə əsaslanaraq, süni intellektə önəm verirəm. Qeyri-səlis məntiq insan məntiqinə yaxındır, mən də bu sahəni inkişaf etdirməyə çalışıram.
Bəziləri qeyri-səlis məntiqə skeptik (şübhə ilə) yanaşırlar. Bu yanaşma artıq məni narahat etmir. Əminəm ki, qeyri-səlis məntiqə şübhə ilə yanaşan insanlar bir gün “Lütfi düz deyirdi” deyəcəklər.
Qeyri-səlis məntiq sübut olunmalı və inkişaf etdirilməlidir. Onun Azərbaycanda inkişafı və tətbiqini zəruri hesab edirəm.
– Sizcə, ölkələrin üzləşdiyi iqtisadi böhranın səbəbi nədir?
– Bunun müxtəlif səbəbləri ola bilər. Bir vaxtlar hər şeyin yuxarı getdiyini müşahidə etdik, sonra ilə aşağı. Ən ağır böhran isə 2008-ci ildə – Obamanın prezident seçildiyi il oldu. Bu, 1921-ci il böhranından sonra müşahidə olunan ən ağır tənəzzül idi.
Azərbaycanda iqtisadi vəziyyət neftin qiymətindən asılıdır. Bir dönəm neftin 1 barelinin qiyməti 150 dollara qədər çatmışdı. İndi neftin qiymətini dəqiq bilmirəm, amma düşünürəm ki, hazırdav 50 dollar olmalıdır.
Neftin qiyməti aşağı düşəndə, Azərbaycanın iqtisadi vəziyyəti çətinləşir. Bunun büdcəyə, manata da təsiri olur. İndi manat bir az qalxsa da, əvvəlki kimi deyil. Gələcəkdə neftin qiymətinin qalxmasına ümid edirəm. Yeni neft yataqları kəşf edilir. Ancaq alternativ enerji resursları – günəş, külək və digər resurslar olduqda, neftin qiymətinin artma ehtimalı azalır.
Azərbaycan uzaq gələcək üçün alternativ investisiyalara üz tutmalı, yeni gəlir mənbələri axtarışında olmalıdır. Neftin olması üstünlükdür, amma Azərbaycan təkcə neftdən asılı olmamalıdır. Bu, çox risklidir və gələcəkdə problemlər yarada bilər.
Əminəm ki, prezident Əliyev bundan xəbərdardır və alternativ variantların tapılması üçün əlindən gələni edir.
– Azərbaycanda elmin inkişafı barədə nə deyə bilərsiniz?
– Xüsusilə bir sahənin adını çəkə bilmərəm. Azərbaycanda Milli Elmlər Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Neft və Sənaye Universitetində elmi mühit çox aktivdir.
Ölkədə elmin inkişafını müsbət qiymətləndirirəm, xüsusilə respublika prezidenti elmin inkişafına diqqət yetirir, tədris və tədqiqat sahəsində Azərbaycanın güclü olmağını istəyir.
– Azərbaycanda anadan olmusunuz, İranda böyümüsünüz və ABŞ-da məşhurlaşmısınız. Kariyeranızı uğurlu hesab edirsiniz?
– Bəli. Həyatımda bəzən bir neçə yol ayrıcında qalmışam. Düzgün yolu seçdiyim üçün xoşbəxtəm. Kariyeramı və həyatımı uğurlu hesab edir, bu uğuru mənə qismət etdiyi üçün Allahıma çox şükr edirəm.
Uğur, şans insan həyatında çox önəmlidir. Əgər uğur səninlə deyilsə, istənilən fəaliyyətdə müvəffəq olmaq çətindir. Biz uğuru idarə edə bilmirik.
– Hər bir dahinin özünəxas xarakteri vardır. Bəs sizin necə?
– Özüm haqqımda yüksək fikirdə deyiləm. Müəyyən bacarıqlara malikəm, lakin bu bacarıqların da hüdudları var. Bəzi insanların az bacarıqları olsa da, özləri haqqında yüksək fikirdə olurlar. Təvazökar olmaq lazımdır. İnsan nə qədər ağıllı olsa, ondan da ağıllısı olduğunu bilməlidir.
Mən müəyyən zirvəyə çatmışam və dünyada tanınmışam. Lakin, əvəəl də qeyd etdiyim kimi, nailiyyətlərimdə şansın böyük rolu olub. Uğur mənimlə olmasaydı, bu gün mən də olmazdım. Bu uğura görə Allaha şükr edirəm.
Məxsusi xarakterim yoxdur, lakin hər məsələdə öz fikrim var. Başqalarının nə deməsindən asılı olmayaraq, həmişə doğru hesab etdiyim fikirdə qalıram.
– Uğur formulunuz nədir?
– Mənim xüsusi formulum yoxdur, yalnız uğurun, şansın önəmi var. Sadəcə, dayanmadan, uğur əldə edənə qədər cəhd etmək lazımdır. Təcrübəmə əsasən deyə bilərəm ki, yalnız davamlı çalışan və müvəffəq olmaq üçün israr edən insanlar uğur qazanırlar.
Mən çox savadlı olub, ancaq heç bir uğur qazanmayan insanlar tanıyıram. Çünki onlar nailiyyət üçün israr etməyiblər.
Onlarla tanış olanda, zirvələri fəth edəcəklərini güman edirdim. Ancaq indi tanınmırlar, çünki konkret bir işə fokuslanmamışdılar.
Yalnız savad kifayət etmir, zəhmət və uğur da çox vacibdir. Uğur formulu budur: qabiliyyət, zəhmət, israr. Uğurun elementləri bunlardır.
– Azərbaycana gəlməyi düşünürsünüzmü?
– Böyük məmnuniyyətlə, lakin hal-hazırda sağlamlıqla bağlı problemlərim var. Uzun yol gedə, çox yeriyə, qaça bilmirəm. Buna görə hazırda səfər etmək mənim üçün mümkünsüzdür.
Azərbaycanı ziyarət etmək istərdim. Orada yaxşı dostlarım, Azərbaycana və azərbaycanlılara qarşı böyük sevgim var.
– Azərbaycanlılara mesajınız varmı?
– Mesajım budur: Azərbaycanlılar şükr etməlidirlər, çünki qonşu ölkələrdə olduğu kimi, Azərbaycanda terror və yoxsulluq problemləri yoxdur.
Azərbaycanın ağıllı prezidenti var. İnsanların firavan, qonşu ölkələrlə sülh şəraitində yaşaması, Azərbaycanın inkişafı onun əsas məqsədidir. Bu, Azərbaycan və onun xarici siyasəti üçün vacib amildir.
Onun həm Rusiya, həm ABŞ-la dostluğu önəmlidir. Dağlıq Qarabağ probleminin tezliklə həll olunacağına inanıram.
– Azərbaycan Texniki Universiteti və Berkli Universiteti arasında əməkdaşlıq müqaviləsinin bağlanılmasında göstərdiyiniz xidmətlərə görə Sizə təşəkkük edirəm.
– Bu, iki universitet arasında əməkdaşlıq müqaviləsidir. Bilirəm ki, Siz bu iki universitetin əməkdaşlığında məndən böyük rol oynamısınız. Prof. Şahbazovanın bu işdə zəhməti çox böyükdür. O, çox aktiv və enerjili insandır, gözəl xüsusiyyətləri var, o, israrçıdır. Şahnaz xanım dayanmadan mübarizə aparır və öz istədiyinə nail olur.
Bu müqavilənin önəmli olduğunu düşünürəm və o, bir neçə dəfə yenilənməlidir. Müqavilə tələbə, təhsil işçiləri və professorların ABŞ-a, xüsusilə Berkli Universitetinə gələrək, elmi-tədqiqat işi ilə məşğul olmalarına imkan yaratmalıdır. Bu, mənim üçün çox vacibdir.
– Çox sağ olun. Sizə can sağlığı və elmi işlərinizdə uğurlar arzulayıram.
– Təşəkkür edirəm. Siz mənə bir ailə üzvü kimi çox yardım etdiniz. Azərbaycan Texniki Universiteti ilə Berkli Universitetini bir araya gətirdiyinizə görə Sizə minnətdaram.
Mənbə:> Oxu.Az