İŞİD-çi kimi Hələbdə döyüşməkdə ittiham olunan Mirməmmədtağı Bakıdadır
Bu gün Rusiyanın Kurqan şəhər məhkəməsində Azərbaycan vətəndaşı, İŞİD terror qruplaşmasının tərkibində Suriyada döyüşməkdə ittiham olunan Mirməmmədtağı Ağayevin barəsində qiyabi məhkəmə prosesi davam edib.
Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, o, Rusiya Cinayət Məcəlləsinin 208-ci maddəsinin 2-ci bəndi üzrə ittham olunur. Rusiya Mirməmmədtağı Ağayevin ekstradisiyası üçün Azərbaycana müraciət edib, ancaq Azərbaycan tərəfi ekstradisiya tələbini rədd edib. Çünki ölkə Konstitusiyası vətəndaşların xarici ölkəyə ekstradisiyasına yol vermir..
Məhkəmədə çıxış edən bütün şahidlər bildiriblər ki, Ağayevin əvvəllər dinə meyl etdiyini heç vaxt müşahidə etməmişdilər və onun Suriyada döyüşdüyünü eşidəndə çox təəcübləniblər. Ağayev Kurqanda yaşayıb və orada bizneslə məşğul olub.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin məhkəməyə şahid qismində cəlb edilmiş əməkdaşı bildirib ki, Ağayev İŞİD-in tərkibində 2014-cü ilin yanvarından aprel ayına qədər Suriyada döyüşüb. O, Suriyaya işgüzar əlaqələr qurmaq üçün getdiyi Türkiyə üzərindən keçib. FTX-nin “E” idarəsinə Ağayevin yaxın tanışı tərəfindən təqdim edilmiş videomateriallarda onun İŞİD sıralarında döyüşdüyü əks olunur. Ağayevin yaxın tanışı həmin videomaterialları təqdim edərkən bildirib ki, o, Hələb ətrafında döyüşür. Ekspertiza aparılıb və kadrlardakı şəxsin həqiqətən Ağayev olduğu təsdiqlənib.
Lakin FTX əməkdaşı etiraf edib ki, kadrlardakı danışıqların şifrəsini aça bilməyiblər. Bununla belə istintaqda Ağayevin yaxın tanışının ifadəsi var, habelə ittiham olunan şəxsin Kurqanda yaşadığı vaxtda radikal dini cərəyanlara meyl etdiyi məlumdur. Şahid ifadəsində onu da deyib ki, Suriyadan Bakıya qayıdandan sonra Ağayev öz dostuna silahlı birləşmələrin tərkibində döyüşdüyünü danışıb və İŞİD-in hərəkətlərinə haqq qazandırıb. Lakin digər şahidlər Ağayevin əvvəllər dinə meyl etmədiyini və Suriyaya döyüşməyə getməyə hazırlaşmadığını deyiblər.
Şahid Lyudmila Sereda
Rusiya mədəniyyət Fondunun Kurqan filialının direktoru Lyudmila Sereda məhkəmədə deyib ki, Ağayevi və ailəsini 10 ildən çoxdur tanıyır. Onun sözlərinə görə, Kurqanda Məmmədtağı 31 nömrəli gimnaziyanı bitirib, daha sonra Kurqan dövlət universitetində oxuyub. Şahid Məmmədtağının heç vaxt dinə meyl etdiyini görmədiyini deyib. “O, Kurqanda yaşayanda heç bir dəfə də olsun məscidə getməyib”-Sereda deyib.
İttiham olunanın digər tanışları da Ağayevin dinə meyl etmədiyini deyiblər. Onlardan Roman adlı şahid deyib ki, Mirməmmədtağının taleyi haqda heç nə bilmir, ancaq şəhərdə şaiyələr eşidib ki, o, Suriyaya döyüşməyə gedib. “Mənim bildiyim qədər o, Bakıda, evində yaşayır. Lakin əlaqəmiz yoxdur. Onda hərbçi xarakteri yoxdur, avantürist deyil, biznesmendir. İslamçı baxışları olmayıb, çox mötədil adam olub”-şahid bildirib.
Şahid
Digər şahid isə deyib ki, Ağayevi 2011-ci ildən tanıyır, onunla yunan roma güləşi məşqlərində tanış olub. Şahidin dediyinə görə, Ağayevlə yaxın dost olmasa da onu xeyirxah adam kimi tanıyır və döyüşmək üçün başqa ölkəyə getdiyinə inanmır.
Məhkəmənin növbəti iclası iyulun 24-də olacaq.
Mənbə:> Virtualaz.org