Qızının toyu ilə gündəmə gələn məmurla bağlı araşdırma başladı – YENİLƏNİB
Son günlər qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barədə sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələr aparılır. Cəmiyyətdə onun bu qədər pula sahib olması barədə müəyyən suallar səsləndirilir.
Unikal.org araşdırıb ki, Hesablamalar Palatası 2016-cı ildə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentində həyata keçirilmiş auditin nəticələri barədə yaydığı məlumatda liftlərin təmiri, quraşdırılması ilə bağlı xərclənən vəsaitlərin hesabatında nöqsanlar aşkar olunması qeyd edilib.
Məlumatda deyilir: “Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2015-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri barədə hesabatı müzakirə edərək qərar qəbul edib.
Həmin qərarda bildirilir ki, bəzi MKTB-lər tərəfindən aktivlərin dəyərinin düzgün olmayaraq xərcə (digər xərclərdə) silinməsi, cari təmir xərclərinin gəlirdən çıxılmalı olan təmir xərcinin normasından artıq aparılması və xərclərə aid edilməsi, liftlərə texniki xidmət haqqına hesablanılmış və departamentdən maliyyələşmə əvəzinə verilmiş mal-materialların dəyərinə tətbiq edilmiş ƏDV-nin düzgün olmayaraq xərcə silinməsi nəticəsində mənzil fondunun xərcləri artırılmışdır.
Auditlə əhatə olunan dövrdə inzibati idarə, xidməti heyətin saxlanılması, ev təsərrüfatının saxlanılması və digər xərclər mütəmadi olaraq artmış, balansda olan liftlərin 20,5%-ni 5 ilə qədər olan yeni quraşdırılan liftlər təşkil etdiyi halda ev təsərrüfatının saxlanılması xərcində lift təsərrüfatının saxlanılması xərcinin xüsusi çəkisi əvvəlki ilə nisbətən cəmi 0,4% azalmış, lifdən istifadə edən əhalinin sayının az göstərilməsi, liftlərə xidmət göstərən bəzi təşkilatlar tərəfindən baş idarənin təsdiq etdiyi ştat cədvəlində göstərilən vəzifələrdən əlavə 8 vahid artıq və lüzumsuz ştat saxlanılması nəticəsində idarəetmə xərcləri üzrə faktiki xərcdən artıq maliyyələşmə aparılaraq mənzil fondunun lift təsərrüfatı üzrə zərəri artırılmışdır.
2015-ci ilin əvvəlinə mənzil fondunun əhalisi 902 min 526 nəfər və yaşayış sahəsi 10 mln. 548 min 690,6 m2, istifadə olunan qeyri-yaşayış sahəsi 486 min 270,8 m2 və liftlərin sayı 5 min 552 vahid təşkil edib.
Hesablama Palatasının Kollegiyası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmiş, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Bakı şəhər İcra Hakimiyyətinə, həmçinin müvafiq Təqdimat Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinə göndərilmişdir”.
14:56
Qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun fəaliyyəti barəsində araşdırma başladılıb.
Bu barədə məlumat “Qafqazinfo”ya hüquq-mühafizə orqanlarından daxil olub.
Məlumata görə, keçmiş həyat yoldaşından ayrılaraq yenidən ailə quran və özünə dəbdəbəli nikah-toy mərasimləri təşkil edən və bunu nümayişkaranə şəkildə internetdə yerləşdirən məmur övladı Aysel Şükürovanın qalmaqalı artıq ən üst dairələrin də diqqətini çəkib.
Qızın yeni həyat yoldaşı ilə bahalı həyat tərzi sürməsinə məhz atası, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun məmur kimi qazandığı pulların səbəb olması ilə bağlı ittihamlar onun barəsində araşdırmaların başlamasına səbəb olub.
Belə ki, artıq Bakının bütün əraziləri üzrə Bakı Lift İdarəsinin fəaliyyəti, liftlərin kimlər və hansı qaydalarla qurlaşdırılması, onlara xidmət və digər məsələlər ətrafında hesabatın hazırlanaraq müvafiq qurumlara təqdim olunmasına dair göstəriş verilib.
Məlumat üçün bildirək ki, Şükürovun keçmiş kürəkəni, onun qızından ayrılan Elşən Əsgərli bu ailə haqqında olduqca sərt ittihamlar səsləndirib, qızın atasının korrupsiya ilə məşğul olduğunu və topladığı misilsiz var-dövlətlə xüsusi qoçu dəstələrini saxladığını deyib. Hər iki tərəfin bir-birinə qarşı ağır ittihamları olub. Aysel və onun yeni həyat yoldaşı Oqtay xanımın keçmiş əri Elşən Əsgərlinin narkotik dispanserdə qeydiyyatda olduğunu və normal həyat tərzi keçirmədiyini iddia ediblər.
Bu arada xatırlatmaq yerinə düşər ki, Azərbaycanda yüksək rütbəli məmur övladlarının dəbdəbəli həyat tərzi, bahalı toy-ad günü mərasimləri ilə dəfələrlə dövlət başçısı tərəfindən xəbərdarlıqlar edilib, məmur övladlarının harın həyat tərzinə görə onların cəzalandırılacağı qeyd olunub. Bununla bağlı kifayət qədər nümunələr də mövcuddur. Belə görünür ki, indi növbə qızı Aysel və kürəkəni Oqtayın “sayəsində” ölkənin baş “liftyoru” Qüdrət Şükürovundur.
Mənbə:> Unikal.org