Ermənistan “İsgəndər”ləri döyüş mövqeyinə çıxardı, Bakıdan “Metsamor cavabı” eşidildi... – VİDEO
Ermənistanda aprelin 2-nə təyin olunmuş parlament seçkiləri yaxınlaşdıqca və hakim rejim öz mövqelərinin ciddi laxladığını getdikcə daha aydın hiss etdikdə Qarabağ məsələsində misli görünməmiş hərbi ritorika nümayiş etdirir. Xəbər verildiyi kimi prezident Serj Sərkisyan bu günlərdə Dağlıq Qarabağda təlim keçirən erməni hərbi birləşmələri qarşısında çıxışı zamanı “ali baş komandan kimi gözünü belə qırpmadan” Azərbaycana qarşı “İsgəndər” operativ-taktiki raketlərindən istifadəyə əmr verəcəyini bildirib.
Bakıdan bu təhdidə XİN-in ATƏT-ə rəsmi müraciəti və Müdafiə Nazirliyindən anonim mənbənin bəyanatı ilə cavab verilib. Bakı bildirir ki, Ermənistan “İsgəndər” raketləri ilə lovğalanarkən öz ərazisindəki bütün hərbi-strateji hədəflərin Azərbaycanın raket-artilleriya vasitələrinin nişangahında olduğunu yaddan çıxarmamalıdır.
Ermənistanda isə “İsgəndər” raketləri ilə hədələməkdən bir qədər də uzağa gedərək bu raketləri döyüş mövqeyinə çıxarmağa qərar veriblər. Virtualaz.org xəbər verir ki, bu gün martın 30-da “Yerkir Media” erməni kanalı “İsgəndər” operativ-taktiki raketlərinin iştirakı ilə keçirilən təlimlərdən anons yayıb. Anonsa əsasən “İsgəndər” raketlərini daşıyan iki mobil platforma ya Ermənistan, ya da ola bilsin elə Qarabağdakı hərbi poliqonlarından birinə hərəkət edir, hərbçilər raketi döyüş hazırlığı vəziyyətinə gətirirlər. Bu kadrların Azərbaycanın işğal altındakı ərazilərində çəkilib-çəkilmədiyini dəqiqləşdirmək mümkün deyil, ancaq ola bilsin ki, “İsgəndər”lər elə Qarabağa gətirilib. Çünki hazırda erməni işğalçı qüvvələrinin işğal altındakı Ağdam ərazilərində təlimlər keçirdiyi bildirilir.
Bundan əvvəl isə istefada olan erməni generalı, bədnam Arkadi Ter-Tadevosyan Azərbaycan ərazisində raket zərbələri endirilə biləcək 12 strateji obyekti “şəxsən xəritədə işarələdiyini” deyib. Həmin Ter-Tadevosyan hazırda Sərkisyanın partiyasının seçki kampaniyasına yardım edir və özünün də açıqladığı kimi, hərbi hissələri gəzərək əsgərləri Respublika partiyasının seçki siyahısına səs verməyə çağırır.
Bakıdan isə Ermənistanın “İsgəndər” təhdidlərinə və Ter-Tadevosyanın son açıqlamasına bu dəfə ehtiyatda olan polkovnik Şair Ramaldanov cavab verib. Polkovnik Ramaldanov “AzərTac”a müsahibəsində deyib ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş ərazilərimizdə, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir. Ramaldanov hesab edir ki, Ter-Tadevosyanın son açıqlaması prezident Serj Sərkisyanın “İsgəndər”lərdən istifadə barədə son ritorikasını dəstəkləməyə hesablanıb. Məqsəd Azərbaycana hədə-qorxu gəlməkdir.
“O ki qaldı, 12 məntəqənin və yaxud hədəfin vurulmasına, niyə 14-15, ya da 20 deyil, məhz 12-dir? Bizim bütün strateji obyektlər Azərbaycan Silahlı Qüvvələri tərəfindən hava hücumlarından daha da gücləndirilmiş şəkildə müdafiə olunur. Eyni zamanda, mühüm obyektlər Hərbi Hava Qüvvələri tərəfindən havadan mühafizə və müdafiə olunur. Ola biləcək bütün təhdidlər nəzərdən keçirilib və lazımi tədbirlər görülüb. Bu da sual altındadır ki, onlar bu obyektlərə nəsə edə biləcəklərmi?”, - deyə Ş.Ramaldanov deyib.
Ehtiyatda olan zabitin fikrincə “İsgəndər” raketləri ilə Azərbaycanın strateji hədəflərinə zərbələr endirəcəkləri barədə cəfəng fikirlər səsləndirən Ermənistan rejimi onu da yaxşı anlayır ki, Azərbaycanda mövcud olan ən müasir raket və artilleriya sistemləri nəinki işğal olunmuş Azərbaycan ərazilərində, həmçinin Ermənistanda yerləşən bütün strateji və hərbi obyektləri yerlə-yeksan etməyə qadirdir. “Təkcə “Metsamor” Atom Elektrik Stansiyasını hədəfə çevirmək kifayət edir. Bu baş verərsə, Ermənistan ərazilərində bir neçə əsr ərzində yaşayış mümkün olmayacaq. Əgər ora zərbə endirilərsə, Ermənistan nə günə qalacaq, hansı faciələri yaşayacaq? Ermənilər bizə hədə-qorxu gəlməzdən, “İsgəndər-İsgəndər” deyərək hay-haray salmazdan əvvəl bunu düşünsələr daha məqsədəuyğun olardı”, - deyə Ş.Ramaldanov bildirib.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə Ermənistanın “İsgəndər” təhdidləri, vurulacaq 12 hədəf və digər bu kimi təhdidləri ilə bağlı Azərbaycanın hansı hərbi-diplomatik tədbirlər görə biləcəyi haqda danışıb. “Turan”ın məlumatına görə keçmiş nazir deyib ki, Azərbaycan hərbi-siyasi nöqteyi nəzərdən üç kateqoriya ərazilər müəyyən etməlidir. Bunlardan birincisi Dağlıq Qarabağ ətrafında yerləşən işğal olunmuş ərazilərdir ki, beynəlxalq ictimaiyyət, vasitəçilər həmin ərazilərin Azərbaycana qaytarılmalı olduğunu birmənalı olaraq təsdiq edir, bildirir. Ona görə də Azərbaycan həmin ərazilərdə hərbi əməliyyatlar aparmalı olsa heç kim ermənilərin özlərini “günahsız qurban” kimi təqdim etməyə yönəlmiş hay-küylərini dinləməyəcək.
İkinci kateqoriya ərazilər isə Dağlıq Qarabağın ermənilər yaşayan yaşayış məntəqələridir. Bu yaşayış məntəqələri beynəlxalq səviyyədə birmənalı olaraq Azərbaycan ərazisi kimi tanınır. Lakin Azərbaycan həmin əraziləri hərbi əməliyyatlar teatrına çevirsə bu zaman ermənilərin “qurban” imici formalaşdırması, Bakıya qarşı beynəlxalq reaksiyalara nail olması mümkündür.
Üçüncü kateqoriya ərazilər isə Ermənistan əraziləridir. Hansı ki, həmin ərazilər həm KTMT çərçivəsində, həm Rusiya ilə ikitərəfli müqavilələr çərçivəsində mümkün hücumlardan qorunur.
Tofiq Zülfüqarova görə Azərbaycan bu ərazi kateqoriyalarından çıxış edərək Ermənistana qarşı mümkün hərbi-diplomatik addımlarla bağlı doktrina hazırlaya, onu rəsmən açıqlayıb sas beynəlxalq oyunçulara göndərə bilər. Azərbaycan göstərməlidir ki, əgər Ermənistan təmas xəttindən 1-2 km dərinlikdə onun nəzarətində olan ərazilərə hərbi zərbələr endirəcəksə bu zaman 1-ci kateqoriya ərazilər döyüş əməliyyatları teatrına çevriləcək. Əgər Ermənistan Azərbaycan ərazilərinin 5-10 km dərinliyini hədəf alacaqsa o zaman 2-ci kateqoriya ərazilər Bakının legitim hərbi hədəfi olacaq. Yox, Ter-Tadevsosyanın dediyi kimi, Ermənistan Azərbaycan ərazisindəki mülki infrastruktura, strateji hədəflərə zərbə endirməyə cəsarət edəcəksə bu zaman Azərbaycan ordusunun zərbələri Ermənistan ərazisinə keçəcək. Çünki Azərbaycan ordusu ölkənin strateji hədəflərini və mülki əhalisini təhdid edən düşmənin atəş nöqtələrini susdurmaq ixtiyarına malikdir. Və xəbərdarlıq edilməlidir ki, belə variantda Azərbaycanın cavabı asimmetrik olacaq. Keçmiş nazir hesab edir ki, onun təklif etdiyi konsepsiya müzakirələrə açıqdır, peşəkar hərbçilər və hüquqşünaslar tərəfindən təkmilləşdirilə bilər.
Mənbə:> Virtualaz.org