İlham Əliyevdən Parisdə Sərkisyana cavab: “Əgər bu qədər ağıllısansa niyə bu qədər kasıbsan?”
Xəbər verildiyi kimi Fransada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Parisdə Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşüb.
Virtualaz.org xəbər verir ki, prezidentin rəsmi saytı İlham Əliyevin həmin görüşdəki nitqinin stenoqramını yayıb.
Prezident çıxışında MEDEF-in Azərbaycanla Fransa arasında iqtisadi əməkdaşlığın təşviqində mühüm rolunu qeyd edib. Bildirib ki, Azərbaycanla Fransanın çox yüksək səviyyədə iqtisadi əlaqələri var, bir çox layihələr icra olunub, bir çox Fransa şirkətləri Azərbaycanda uğurlu fəaliyyət göstərir.
“İqtisadiyyatımıza yatırılan investisiyaların həcmi 2 milyard dollardan çoxdur. Bu sərmayələr əsasən enerji sektoruna qoyulub, lakin qeyri-neft sektoruna da bəzi sərmayələr yatırılır. Bu isə hazırki mərhələdə bizim üçün çox mühüm əhəmiyyət kəsb edir”-Azərbaycan prezidenti deyib.
İlham Əliyev fransalı iş adamlarının nəzərinə Azərbaycanda həyata keçirilən əsaslı islahatlar barədə çatdırıb. Deyib ki, bu islahatlar əsasən ötən il olub.
“Ötən il çox dərin iqtisadi islahatlar ili olub. Bu təşəbbüsə beynəlxalq maliyyə institutları çox güclü dəstək göstərib. Bu, iqtisadiyyatımızınşaxələndirilməsinə aparan bir yoldur. Əslində, biz neft və qazdan asılılığı azaltmaq üçün bunun üzərində uzun illər idi ki, çalışırdıq və bunu etməyə nail olduq”-prezident bildirib.
İlham Əliyev deyib ki, Azərbaycan islahatlarda inkişaf etmiş ölkələrin təcrübəsindən də istifadə edir. Eyni zamanda bu işə məsləhətçilər cəlb edir: “Bizim çox yaxşı məsləhətçilərimiz var. Onlar bizə iqtisadiyyatımızın hər bir sektoru üçün strateji yol xəritələri hazırlamağa kömək edirlər. Azərbaycanda iqtisadi inkişaf sabitdir. Əvvəlki illərdə ümumi daxili məhsulun göstəricisi çox yüksək olmuşdur və bu da əsasən neft və qaz sektorunun sayəsində baş verib. Lakin artım təkcə bu sektorla bağlı deyildi. Bu gün Azərbaycanda sabit iqtisadi və siyasi vəziyyət ölkə iqtisadiyyatının cəlbedici olması üçün ilkin şərtlərdən biridir. Biz bu nəticələrə çox ağır bir şəraitdə nail olduq. Bu, humanitar fəlakət idi. Biz bütün beynəlxalq hüquq normalarını pozan Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarını işğal etməsi nəticəsində evlərinı və əmlakını itirmiş yüz minlərlə qaçqın və məcburi köçkünü yerləşdirməli olduq”.
Daha sonra Qarabağ münaqişəsi haqda danışan İlham Əliyev Dağlıq Qarabağ və ətraf ərazilərdə Avropadan, həmçinin təəssüf ki, Fransadan olan bəzi şirkətlərin fəaliyyəti ilə bağlı narahatlıq ifadə edib. Prezidentin bildirdiyinə görə, bəzi şirkətlər bu ərazilərdə qanunsuz fəaliyyət göstərir ki, bu da qəbuledilməzdir.
Sitat: “Bu, beynəlxalq hüququ, bizim qanunvericiliyimizi pozur və Azərbaycan bu məsələni beynəlxalq müstəvidə qaldırmaq üçün ciddi addımlar atır, həmçinin beynəlxalq məhkəmə institutlarına müraciət edir. Ona görə də mən bu narahatlığı ifadə etmək və torpaqlarımızda qanunsuz fəaliyyət göstərən şirkətləri bu fəaliyyətdən çəkinməyə çağırmaq istərdim. Bu fəaliyyət çoxlu gəlir gətirməyəcək, lakin çoxlu çətinliklər yarada bilər. Bu, ölkələrimiz arasındakı çox yaxşı, dost münasibətlərinə uyğun deyil. Mən başa düşürəm ki, bu şirkətlər bunu öz riskləri hesabına edirlər, lakin mənim borcum sadəcə onlara bundan çəkinməklə bağlı xəbərdarlıq etməkdir”.
İlham Əliyev çıxışını davam etdirərək Ermənistan prezidenti Serj Sərkisyanın bir neçə gün əvvəl MEDEF-dəki çıxışına toxunub. Bildirib ki, Ermənistan prezidentinin MEDEF-də çıxış edərkən investorları öz ölkəsinə investisiya yatırmağa inandırmaq əvəzinə, tamamilə əsassız iddialarla Azərbaycanı, onun iqtisadiyyatını nüfuzdan salmağa çalışdığını ona deyəndə təəccüblənib.
“O, innovasiyalar barədə danışırdı, deyirdi ki, Ermənistan innovasiyalar ölkəsidir. Açığını deyim, biz Azərbaycanda buna gülürdük, çünkiçox məşhur bir deyim var - əgər bu qədər ağıllısansa, niyə bu qədər kasıbsan. Ermənistanın təbii ehtiyatlara malik olmaması faktı o demək deyil ki, xalq bundan əziyyət çəkməlidir. Fransa da daxil olmaqla, dünyanın əksər inkişaf etmiş ölkələrinin təbii ehtiyatları yoxdur. Lakin onlar düzgün idarəçilik, şəffaflıq, etibarlılıq, standartlar, təhsil, bilik və innovasiya sayəsində öz ölkələrini inkişaf etdirirlər. Ona görə də Ermənistan prezidenti fransız şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti əhalisinin yarısından çoxu gələcək üçün heçbir perspektivi olmayan, yoxsulluq həddindən də aşağı yaşayan ölkədəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Onların rəsmi statistikasına görə, hər il Ermənistanı 60 min insan tərk edir, bizdə olan məlumata görə isə bu rəqəm 100 minə yaxındır. Əgər bu ölkə belə yaxşı və cəlbedici olsaydı, ola bilsin ki, insanlar qalmağı tərk etməkdən üstün tutardılar»-İlham Əliyev Sərkisyana cavab olaraq deyib.
Prezident bildirib ki, Azərbaycanda islahatlar davam etdiriləcək və qarşıdakı illərdə bizim əsas diqqət yetiriləcək sahə iqtisadiyyatın qeyri-neft sektoru, əsasən də kənd təsərrüfatı olacaq.
“Mən Fransanın nüfuzlu şirkətlərini Azərbaycana gəlməyə - müasirləşmə və məhsuldarlığın artırılması ilə bağlı layihələri həyata keçirməküçün Azərbaycan hökuməti ilə işləməyə dəvət edirəm”-Azərbaycan prezidenti bildirib.
Mənbə:> Virtualaz.org