Azərbaycanda 4 terrorçu məhv edilib
Azərbaycan hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib dini ekstremizm zəminində ölkə ərazisində müxtəlif yerlərdə terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və qeydə alınmış fəaliyyətləri təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mənbə:> Trend