Putinin Ermənistanla birgə qoşun yaratmaq əmri: Qarabağa görədir...
Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin Ermənistanla birgə qoşun qruplaşmasının yaradılmasına dair sazişin imzalanmasına icazə verən sərəncam imzalayıb. Sərəncama əsasən bu məqsədlə yaradılan işçi qrupuna danışıqlar aparmaq və saziş layihəsi üzərində işi tamamlamaq səlahiyyəti verilir.
Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaradacağı barədə xəbərlər hələ ilin əvvəllərində yayılmışdı. Bu, Rusiya prezidenti Vladimir Putinin NATO ilə sərhədlərə əlavə qoşun birləşmələrinin yerləşdirilməsi barədə Müdafiə Nazirliyinə verdiyi əmrdən sonraya təsadüf edirdi.
Daha sonra iyul ayında məlum oldu ki, Rusiya silahlı qüvvələrinin Baş qərargahının nümayəndə heyəti birgə qoşun qruplaşmasının yaradılmasına dair detalları müzakirə etmək üçün İrəvana səfər edib. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, birgə qoşun qruplaşması “cənub istiqamətində” yerləşdiriləcək. Söhbət Ermənistanın Türkiyə və Naxçıvanla sərhədindən gedir.
Rusiya mənbələri isə bildiriblər ki, birgə qoşun qruplaşmasına Ermənistan ordusunun 4-cü ordu korpusu və Gümrüdəki 102-ci Rusiya hərbi bazasının birləşmələri daxil olacaq. Hətta birgə qoşun qruplaşmasına kimin komandanlıq edəcəyi barədə də məlumat sızdırılıb-bu, Ermənistan ordusunun Türkiyə və Naxçıvanla sərhəd istiqamətinə cavabdeh olan 4-cü korpusunun keçmiş komandanı, general-mayor Andranik Markayandır.
Andranik Markayan
Rusiya Ermənistanda hərbi baza saxladığı və bu ölkə ilə vahid hava hücumundan müdafiə sistemi formalaşdırdığı, onun təhlükəsizliyini təmin etməyə dair uzunmüddətli öhdəliklər götürdüyü bir vaxtda birgə qoşun qruplaşmasının yaradılması nəyə lazım idi?
Putinin sərəncamında göstərilir ki, məqsəd “Qafqaz kollektiv təhlükəsizlik rayonunda tərəflərin təhlükəsizliyinin təmi edilməsi, silahlı hücumlara adekvat reaksiya, tərəflərə yönəlmiş digər çağırışlara və təhdidlərə” reaksiya verməkdir. Qruplaşma dinc dövrdə Ermənistan silahlı qüvvələrinin Baş qərargahına tabe olacaq, hərbi dövrdə isə “vəziyyətdən asılı olaraq” Rusiyanın Cənub hərbi dairəsinin komandanlığına tabe olacaq.
Putinin sərəncamı Rusiyanın ekspert dairələrində geniş şərh olunur. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun regional təhlükəsizlik və Qafqaz problemləri Mərkəzinin əməkdaşı Vadim Muxanov “Svobodnaya pressa”ya şərhində deyir ki, birgə qoşun qruplaşmasının yaradılması regionda vəziyyəti stabilləşdirməyə kömək edəcək və “bəzi qaynar başları ayıldacaq”. Ekspertin fikrincə, xüsusən bu addım Dağlıq Qarabağ münaqişəsi regionunda vəziyyətin apreldə olduğu kimi kəskinləşməsinin qarşısını almağa xidmət edəcək.
Lakin Muxanova görə birgə qoşun qruplaşmasının yaradılmasının Dağlıq Qarabağa birbaşa təsiri məsələsi açıq qalır. “Mühüm məqamdır ki, Rusiyanın Ermənistana verdiyi təhlükəsizlik təminatı Dağlıq Qarabağa aid deyil. Çünki Dağlıq Qarabağı heç kim dövlət kimi tanımayıb, bütün razılaşmalara görə bu region Ermənistanın tərkibinə daxil deyil. Ora hansısa “boz zona”dır. Ona görə də müəyyən kazus yaranır”-ekspert deyib.
Bununla belə Muxanov hesab edir ki, məsələnin siyasi tərəfindən baxanda birləşmiş qruplaşma “regionda situasiyaya müsbət təsir edəcək”, yəni destablizasiyanın qarşısını alacaq.
Bəs nəyin hesabına? Bir halda ki, Ermənistan-Rusiya qoşun qruplaşması ancaq Ermənistan ərazisində təhlükəsizliyə cavabdeh olacaq və Azərbaycan ərazisi olan Dağlıq Qarabağda bu qoşunların tətbiqi üçün heç bir hüquqi əsas ola bilməz.
Vadim Muxanova görə birgə qoşun qruplaşmasının yaradılmasından sonra “qonşu dövlətlər” istənilən hərbi toqquşma təşəbbüsünə əl atmazdan əvvəl daha çox düşünəcəklər və məsuliyyətli olacaqlar. “Əgər birgə qoşun qruplaşması barədə xəbərlər həmin qonşu dövlətlərin hakimiyyətlərinə təzyiq göstərsə o zaman hərbi əməliyyatların başlanması ehtimalı xeyli azalmış olacaq”-Muxanov belə hesab edir.
Ümumiyyətlə, Rusiyanın ekspert dairələrində hesab edirlər ki, Ermənistana “İsgəndər” operativ-taktiki raketlərinin verilməsinin ardınca birgə qoşun qruplaşması yaratmaq Moskvanın Qarabağda hərbi əməliyyatların yenidən başlanmasını tamamilə istisna etməyə yönəlib. Lakin Rusiya bundan əvvəl də Ermənistana hər cür təhlükəsizlik qarantiyası və havayı silahlar vermişdi, ancaq bu amillər münaqişənin apreldə alovlanmasına mane ola bilmədi...
Mənbə:> Virtualaz.org